Pezeşkian BMT-də bu tələblərlə çıxış edəcək
Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirələri başlayır. Sentyabrın 22-dən 26-dək keçiriləcək müzakirələrdə 193 üzv dövlətin nümayəndələri beynəlxalq gündəmin əsas məsələləri ilə bağlı mövqelərini açıqlayacaqlar. Sessiyanın gündəmində Yaxın Şərqdəki gərginlik, Rusiya-Ukrayna münaqişəsi, süni intellekt və BMT-nin gələcəyi kimi məsələlər yer alır. Bu çərçivədə İran Prezidenti Məsud Pezeşkianın çıxışı da Tehranın regional proseslər və beynəlxalq məsələlərlə bağlı mövqeyinin təqdim edilməsi baxımından diqqət çəkir.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Crossmedia.az-a açıqlamasında bildirib ki, BMT-nin 81-ci sessiyası çərçivəsində əsas diqqət təşkilatın üzərinə düşən funksiyaların daha effektiv şəkildə həyata keçirilməsinə yönəlməlidir:

“81-ci sessiyanın da, həmişə olduğu kimi, inkişaf və proseslərin idarə olunması ilə bağlı öz şüarları var. Bunlar öz yerindədir. Amma BMT-nin qarşısında duran əsas vəzifə ondan ibarətdir ki, öz funksiyalarını və üzərinə düşən səlahiyyətləri işlək vəziyyətə gətirsin. Burada ABŞ amili də var. BMT-nin ABŞ ərazisində yerləşməsi və ABŞ-nin digər dörd daimi üzvlə birlikdə təşkilatın əsas maliyyə təminatçılarından biri olması Vaşinqtona burada öz mövqeyini və təsirini göstərmək imkanı verir. ABŞ adətən BMT-nin büdcəsinə ən çox vəsait ayıran ölkədir. Lakin Vaşinqton zaman-zaman öz mövqeyindən və BMT-nin yerləşdiyi ərazidəki statusundan sui-istifadə edir. Buna nümunə kimi müxtəlif ölkələrin nümayəndələrinə BMT Baş Assambleyasının iclaslarında iştirak etmək üçün viza verilməməsi hallarını göstərmək olar. Bu kimi hallar ərəb ölkələri, Suriya, İran, vaxtilə İraq və hazırda Fələstinlə bağlı da müşahidə olunub.
Politoloq qeyd edib ki, BMT-nin özünün nüfuzunun zəiflədilməsi yolverilməzdir:
“Dünya dəyişdikcə beynəlxalq proseslərin mahiyyəti və onlara münasibət də dəyişir. Buna görə də mövcud mexanizmlərin yenilənməsinə və islahatlara böyük ehtiyac var.
İslahatlar ona görə lazımdır ki, zaman keçdikcə yeni baxışlar, yanaşmalar və mexanizmlər tətbiq edilsin. BMT bunları işlək alətə çevirməli, beynəlxalq proseslərdə daha fəal, konstruktiv və funksional rol oynamalıdır. Burada söhbət yalnız Baş katib Antonio Quterreşdən getmir. Onun səlahiyyət müddəti başa çatır və yeni Baş katib seçilməlidir. Bununla yanaşı, BMT-nin Katibliyi və müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən qurumları var. Onların arasında qida problemləri, qaçqınlar, humanitar fəlakətlər və inkişaf proqramları ilə məşğul olan strukturlar da mövcuddur. Bütün bu qurumların fəaliyyətinə yeni və daha funksional yanaşma tətbiq edilməlidir. Bunun üçün ilk növbədə fövqəldövlətlərin liderləri bir-birini eşitməli və konsensus tapmalıdırlar. Bir-birinin əleyhinə addımlar atmaq, digər dövlətlər üçün problem yaratmaq və BMT platformasında yolverilməz davranışlara yol vermək heç bir nəticə vermir.
Siyasi meydanlarda mövqe bildirməyə və demarşlara yer var. Ancaq bununla yanaşı, beynəlxalq münasibətlərdə etika qaydaları da nəzərə alınmalıdır. Hesab edirəm ki, hazırda Tramp amili BMT-nin qarşısında duran əsas maneələrdən biridir. ABŞ Prezidenti öz siyasətini müəyyən qədər tənzimləməlidir. Çin amili də burada mühüm rol oynayır. Çin Xalq Respublikasının sədri Si Szinpinin uzun fasilədən sonra ABŞ-a səfəri və Donald Tramp ilə görüşü iki ölkə arasındakı münasibətlər baxımından əhəmiyyətlidir. Bu görüşdən çox şey asılı olacaq. Bununla yanaşı, Rusiyanın və Avropa İttifaqının da amili var. Avropa İttifaqı bir blok kimi çıxış edir. Fransa və Almaniya kimi dövlətlərin rəhbərlərinin mövqeyi də beynəlxalq proseslərdə mühüm rol oynayır. Bu dövlətlərin liderləri ilk növbədə dünya birliyi qarşısında yeni yanaşma nümayiş etdirməlidirlər. Qarşılıqlı anlaşılmazlıqları və ziddiyyətləri aradan qaldırmaq, beynəlxalq münasibətlərdə məsuliyyətli davranmaq və dəyişən dünya reallıqlarına uyğunlaşmaq vacibdir.”
T.Abbasov İran Prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasındakı çıxışının da xüsusi əhəmiyyət daşıdığını bildirib:
“Məsud Pezeşkianın çıxışında ABŞ və İsrailin İrana qarşı hərəkətləri, ölkənin suverenliyi və təhlükəsizliyi ilə bağlı məsələlərin önə çıxacağı gözlənilir. İran tərəfi bu hücumların, insan itkilərinin və mülki obyektlərə dəyən ziyanın siyasi və hüquqi qiymətləndirilməsini tələb edə bilər. Donald Tramp hakimiyyətə ikinci dəfə gələndə müharibələri dayandıracağı ilə bağlı mövqe ortaya qoymuşdu. Buna görə də Ukrayna-Rusiya müharibəsinə münasibət bildirərkən digər münaqişələrə də eyni yanaşmanın tətbiq edilməsi məsələsi gündəmə gəlir. Pezeşkianın dünya birliyinə müraciət etmək üçün əlində kifayət qədər arqument var. O, İranın mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmağa və xüsusilə Qlobal Cənubu daha fəal mövqe nümayiş etdirməyə çağırmağa çalışacaq. Pezeşkianın çıxışının əsas istiqamətlərindən biri də İranın mövqeyinin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq münasibətlərdə mövcud problemlərlə bağlı Tehranın baxışlarının ifadə olunması olacaq.”
Nuray Mehtiyeva
15:55 22.09.2026
Oxunuş sayı: 39