Almaniyada benzinin qiyməti ilə bağlı – yeni plan açıqlandı
Almaniya hökuməti yüksək yanacaq qiymətlərinin təsirini azaltmaq üçün benzin və dizelin qiymətinə dövlət tərəfindən maksimum hədd tətbiq etməyə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, “Bild” bu barədə məlumat yayıb.
Plan üzrə əvvəlcə yanacağın enerji vergisi 14 sent azaldılacaq. Əlavə dəyər vergisinin də azalması nəticəsində benzin və dizelin hər litrinin qiymətinin ümumilikdə təxminən 17 sent aşağı düşməsi gözlənilir. Bu güzəştin 1 oktyabrdan qüvvəyə minməsi nəzərdə tutulur.
Bundan sonra Almaniyada yanacaq üçün qiymət tavanının tətbiqi planlaşdırılır. Dövlətin müəyyən edəcəyi maksimum qiymət neftin dünya bazarındakı qiymət dinamikasına uyğunlaşdırılacaq. Qiymət tavanının ən geci 1 yanvar 2027-ci ildən qüvvəyə minməsi nəzərdə tutulur.
Hazırda qiymət tavanının konkret mexanizmi və benzinlə dizel üçün hansı maksimum qiymətin müəyyən ediləcəyi açıqlanmayıb. Almaniya hökuməti bu məqsədlə neft şirkətləri ilə mütəmadi danışıqlar aparmağı planlaşdırır.
Məlumata görə, yanacağın qiymətinin azaldılması və qiymət tavanı tədbirlərinin ümumi maliyyə yükünün təxminən 2,5 milyard avro olacağı gözlənilir. Bunun 1,25 milyard avroluq hissəsinin federal torpaqlar tərəfindən qarşılanması nəzərdə tutulur.
13:57 19.09.2026
Oxunuş sayı: 55