Makron Rusiyanın Avropaya qarşı hibrid hücumlarının artdığını açıqladı
Fransa Prezidenti Emmanuel Makron Rusiyanın Avropa və Fransaya qarşı hibrid hücumları ilə bağlı təhlükənin son həftələrdə artdığını bildirib.
Crossmedia.az xəbər verir ki, “BBC” bu barədə məlumat yayıb. Makron Yelisey sarayında keçirdiyi mətbuat konfransında yaranmış təhlükə fonunda kritik infrastruktur və müdafiə sənayesi obyektlərinin qorunması üçün plan hazırlanmasına göstəriş verdiyini açıqlayıb.
Fransa prezidenti son həftələrdə ölkəsinin Rusiyanın hibrid hücumlarının hədəfinə çevrildiyini və bunun “cavabsız qalmayacağını” deyib. O, Almaniyanın Leypsiq hava limanına ötən ay baş verən və Rusiyanın üzərinə atılan dron hücumunu, həmçinin Polşa Baş naziri Donald Tuskun Rusiyanın Polşa və NATO-nun şərq cinahındakı digər ölkələrə dron və raket zərbələri hazırlaya biləcəyi barədə açıqlamalarını xatırladıb.
Makronun sözlərinə görə, bu fəaliyyətlərin məqsədi Avropanı qorxutmaq və Ukraynaya dəstəyi zəiflətməkdir. O bildirib ki, Fransa Ukraynaya dəstəyi davam etdirəcək və ölkəsinin təhlükəsizliyinin də Ukraynadakı vəziyyətlə əlaqəli olduğunu düşünür.
18:35 18.09.2026
Oxunuş sayı: 45