Sürücülərin diqqətinə: maşında 1 saatdan çox oturmayın
Elektrikli avtomobillərin sayı artdıqca onların insan sağlamlığına mümkün təsirləri ilə bağlı suallar da gündəmə gəlir. Bu avtomobillərdə daxiliyanma mühərriki əvəzinə elektrik mühərriki və böyük tutumlu batareyalardan istifadə olunur. Sürücü və sərnişinlər isə gün ərzində uzun müddət avtomobilin salonunda qala bilirlər.
Terapevt Zakir Quliyev Crossmedia.az-a açıqlamasında bildirib ki, elektrik avtomobilində uzun müddət qalmağın insan sağlamlığına xüsusi və sübut edilmiş ciddi zərəri müəyyən edilməyib. Onun sözlərinə görə, batareya və elektrik mühərrikinin yaratdığı elektromaqnit sahələri ionlaşdırıcı deyil və normal istifadə zamanı təhlükəsizlik hədlərindən aşağı olur: “Elektrik avtomobilində uzun müddət qalmağın insan sağlamlığına xüsusi və sübut edilmiş ciddi zərəri müəyyən edilməyib. Batareya və elektrik mühərrikinin yaratdığı elektromaqnit sahələri ionlaşdırıcı deyil və normal istifadə zamanı təhlükəsizlik hədlərindən aşağı olur”.

Z.Quliyev qeyd edib ki, əsas risklər avtomobilin növündən deyil, uzun müddət oturmaqdan yaranan bel-boyun ağrısı, qan dövranının zəifləməsi və sürücü yorğunluğudur:
“Buna görə hər 1–2 saatdan bir fasilə vermək, hərəkət etmək və salonu havalandırmaq məsləhətdir. Batareya yalnız qəza, zədələnmə və ya yanğın zamanı yüksək gərginlik və zəhərli qaz təhlükəsi yarada bilər. Belə halda avtomobildən uzaqlaşıb fövqəladə xidmətə müraciət edilməlidir”.
Zərnigar Hüseynli
16:00 15.08.2026
Oxunuş sayı: 48