Azərbaycanda suvarma sistemləri yenilənməlidir - Çağırış
Qlobal iqlim dəyişmələri fonunda 2026-cı ilin yayında rekord göstəricilər qeydə alınır. Aİ-nin Kopernik xidmətinin məlumatına görə, iyulda qütb bölgələri istisna olmaqla dünya okeanlarının orta səth temperaturu 20,96°C olub və bu, iyul ayı üçün müşahidələr tarixində ən yüksək göstəricidir. Eyni dövrdə Qərbi Avropada güclü istilik dalğaları, quraqlıq və meşə yanğınları müşahidə olunub.
Bu proseslər Azərbaycanın da qarşılaşdığı iqlim risklərini gündəmə gətirir. Ölkədə temperatur artımı, su ehtiyatlarına təzyiq və quraqlıq kimi amillər qarşıdakı dövr üçün narahatlıq yaradır. 2026-cı ildə güclənən El-Ninyo şəraitində qlobal temperatur rekordlarının davam etməsi ehtimalı da müzakirə olunur, lakin 2027-ci ilin Azərbaycanda konkret olaraq necə keçəcəyini indidən dəqiq söyləmək mümkün deyil.

Ekoloq Cavid Hüseynov Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycan iqlim dəyişikliklərinin mənfi təsirlərini getdikcə daha çox hiss edən ölkələr sırasındadır:
“Azərbaycan iqlim dəyişikliklərinin sürətlə güclənən mənfi təsirləri ilə üzləşən və bu sahədə adaptasiya tədbirlərini gücləndirməyə çalışan ölkələr sırasındadır. Coğrafi mövqeyinə görə qlobal istiləşmədən həssas bölgələrdə yerləşən ölkəmizdə son illərdə su ehtiyatlarının azalması, orta illik temperaturun artması və ekstremal atmosfer hadisələri açıq şəkildə özünü biruzə verməkdə davam edir”.
C.Hüseynov ölkədə su ehtiyatlarından istifadədə kənd təsərrüfatının böyük paya sahib olduğunu və mövcud suvarma sistemlərinin riskləri artırdığını qeyd edib:
“Ölkədə istehlak olunan suyun təxminən 70-80 faizi kənd təsərrüfatının, yəni suvarmanın payına düşür. Ənənəvi suvarma üsulları və itkilər mövcud böhran şəraitində riskləri daha da artırır”.
Ekoloq iqlim dəyişikliyinin Xəzər dənizinə də ciddi təsir göstərdiyini vurğulayıb:
“İqlim dəyişikliyi fonunda Xəzər dənizində müşahidə olunan səviyyə enmələri sahil zonasındakı ekosistemlərə və iqtisadiyyata öz mənfi təsirini göstərməkdədir”.
C.Hüseynov Azərbaycanın su təhlükəsizliyinin təmin olunması üçün suvarma sistemlərinin yenilənməsi və alternativ su mənbələrindən istifadənin vacibliyini diqqətə çatdırıb:
“Ölkənin su təhlükəsizliyini təmin etmək və iqlim risklərini minimuma endirmək üçün suvarma sistemlərinin modernləşdirilməsi və su itkilərinin azaldılması, boru kəmərlərinə və qapalı sistemlərə keçid, innovativ suvarma texnologiyalarından istifadə prioritet olmalıdır. Eyni zamanda alternativ su mənbələrindən, təmizlənmiş tullantı sularının təkrar emalından və dəniz suyunun duzsuzlaşdırılmasından istifadə edilməlidir”.
Ekoloq su anbarlarının idarə edilməsinin təkmilləşdirilməsi, qanunvericilik və ictimai maarifləndirmənin gücləndirilməsinin də mühüm istiqamətlər olduğunu bildirib:
“Su anbarlarının tikintisi və idarəedilməsinin təkmilləşdirilməsi, su anbarlarının yaradılması və rəqəmsal idarəetmə sistemlərinin tətbiqi vacibdir. Bununla yanaşı, qanunvericilik və ictimai maarifləndirmə, su tariflərinin optimallaşdırılması və hidroekoloji mədəniyyətin formalaşdırılması da diqqətdə saxlanılmalıdır. İqlim dəyişikliklərinə uyğunlaşma yalnız bir qurumun işi və ya fəaliyyəti deyil, dövlət qurumları, fermerlər, biznes sektoru və hər bir vətəndaşın birgə səyləri ilə həyata keçirilməli olan kompleks bir prosesdir”.
Nigar Xəlilli
20:30 11.08.2026
Oxunuş sayı: 48