"Qarabağ"ın uğursuzluğunun sirri açıldı
“Qarabağ”ın son nəticələri komandanın heyətindəki dəyişiklikləri və yeni transferlərin uyğunlaşma prosesini yenidən gündəmə gətirib. Bir neçə mövqedə əsas oyunçuların komandadan ayrılması onların yerinə gətirilən futbolçuların üzərinə böyük məsuliyyət qoyub. Yeni oyunçuların komandanın oyun sisteminə tam uyğunlaşmaması isə nəticələrə təsir edən amillərdən biri kimi qiymətləndirilir. Bəs “Qarabağ”dakı son məğlubiyyətlərin əsas səbəbi nədir? Yeni transferlər gözləntiləri doğruldurmu və komandanın hansı mövqelərə ehtiyacı var?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən veteran futbolçu Aslan Kərimov bildirib ki, Qarabağın məğlubiyyət almasının əsas səbəbləri ilə bağlı burada konkret səbəb axtarmaqdan daha çox, komandanın bəzi mövqelərindəki dəyişikliklərin istər-istəməz oyuna təsir etdiyini düşünürəm:
"Bu, təkcə “Qarabağ”dan asılı olan məsələ deyil. Rəqiblər də var və güclü rəqib olduğu halda “Qarabağ”a qalib gələ bilərlər. Amma hər halda, əsas mövqelər var ki, həmin mövqelərdən gedən oyunçuların yerinə gələn futbolçular hələ tam adaptasiya olmayıblar.. Tam uyğunlaşmadıqlarına görə də bu, istər-istəməz nəticələrə təsir edir. Uğursuz transfer demək hələ tezdir və düzgün deyil. Çünki bütün oyunçular yeni gəldikləri halda birbaşa adaptasiya olmurlar. Məsələn, Andrade “Qarabağ”ın əvəzolunmaz oyunçusuna çevrilmişdi. Amma gəldiyi ilk gündən etibarən hardasa yarım mövsüm, hətta bir mövsümə yaxın istədiyi performansı göstərə bilməmişdi. Hər dəfə ehtiyatda qalırdı və “Qarabağ”ın oyun üslubuna adaptasiya olmaqda çətinlik çəkirdi. Amma bir müddətdən sonra düzəldi. Bunun əksinə, məsələn, Zubir gələn kimi adaptasiya olmağı bacardı. Kamillik Duran da gələn kimi uyğunlaşa bildi. Bir çox oyunçular üçün isə adaptasiya üçün müəyyən müddət lazımdır. Ona görə də hələlik uğursuz deməyə tələsməzdim".

Ekspert əlavə edib ki, yeni transferlərin komandanın ehtiyaclarını ödəyib-ödəmədiyinə gəlincə, bunu indi dəqiq demək çətindir. Faktların üzərindən gedəsi olsaq, yeni gələn oyunçular, məsələn, hücum mövqeyindəki futbolçu hələ tam olaraq qol vurmaq baxımından komandanın ehtiyacını qarşılamır. Amma presinq, həmçinin cüssə baxımından rəqib müdafiəçilərə təzyiq göstərmək üçün uyğun gəlir. Hücumçunun əsas məqsədi qol vurmaqdırsa, hələ ki həmin adaptasiya prosesini tam keçməyib və onun komandaya tam uyğunlaşdığı görünmür. Digər oyunçular haqqında da eyni sözləri demək olar. Məsələn, mərkəz müdafiəçisi mövqeyində Medinanın yoxluğu istər-istəməz təsirsiz ötüşməyəcək. Onun yerinə gələn gənc macar oyunçu 21–22 yaşlarındadır və çox perspektivlidir. Boy baxımından, oyun baxımından, topla davranışı baxımından yaxşı xüsusiyyətləri var. Amma Medinanın üstünlüyü ikili mübarizələrdə qalib gəlməsi idi. Bu ehtiyacı hələ qarşılamayıb. Buna da zaman lazımdır. Digər tərəfdən, cinahdakı 7 nömrəli oyunçunu – adını hazırda xatırlamıram – mərakeş əsilli, səhv etmirəmsə, Fransadan gələn həmin futbolçunu da nəzərdə tuturam. O da yavaş-yavaş üzərinə düşən məsuliyyəti götürməyi bacardığını göstərir və birəbir mübarizələrdə çox yaxşı görünür. Bu oyunçulara bir müddət lazımdır. Əgər mövsümün ortasına qədər bu uyğunlaşma baş verməsə, onda artıq fikir bildirmək olar. Amma hələlik bu, normal gedişatdır. Üç-dörd oyunçunu birdən-birə dəyişirsənsə və yerinə yeni futbolçular gətirirsənsə, onların komanda oyununa ümumilikdə adaptasiya olması üçün vaxt tələb olunur. Mənə elə gəlir ki, mərkəz müdafiəçisi mövqeyinə ehtiyac var. 21 yaşlı macar oyunçunun yanına, məsələn, Bədavi artıq yaş baxımından yaşlanmağa doğru gedir. Mateus Silva nominal olaraq cinah müdafiəçisidir, amma ehtiyacdan mərkəzdə oynayır. Ona görə də bir mərkəz müdafiəçisinə ehtiyac duyulur. Təbii ki, hücumun sivri ucunda da oyunçuya ehtiyac var. Hər zaman ehtiyac var. Amma ola bilsin ki, alınan oyunçular da etimadı doğrultsunlar və müəyyən müddətdən sonra qolları sıralasınlar. Buna bir qədər zaman lazımdır. Hələlik “doğru transfer deyil” demək tələsik olar. Bir qədər səbr etmək lazımdır".
Zeynəb Həsən
15:00 10.08.2026
Oxunuş sayı: 54