40 ölkənin müdafiə nazirləri bir arada - Hörmüz boğazında vəziyyət necə dəyişəcək?
Böyük Britaniya və Fransanın 40-a yaxın ölkənin müdafiə nazirlərini bir araya gətirərək, Hörmüz boğazında ticarət axınının bərpası ilə bağlı hərbi planları müzakirə etməsi beynəlxalq gündəmin ən diqqətçəkən mövzularından birinə çevrilib.
Dünyanın enerji və ticarət marşrutları baxımından strateji əhəmiyyət daşıyan Hörmüz boğazında yaranan gərginlik həm Qərb ölkələrini, həm də qlobal bazarları ciddi şəkildə narahat edir.
Müzakirələrin əsas istiqamətlərindən birinin beynəlxalq koalisiyanın formalaşdırılması və bölgədə təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi olacağı ehtimal edilir.
Lakin bu prosesin diplomatik təzyiqlərlə yekunlaşacağı, yoxsa İran ətrafında daha sərt hərbi ssenarilərə keçə biləcəyi sual doğurur.
Sizcə, Qərb ölkələri koalisiya yaradaraq İrana qarşı hərbi addım ata bilərmi? Hörmüz boğazı ilə bağlı böhran diplomatik yollarla həll oluna bilər, yoxsa region yeni qarşıdurma mərhələsinə yaxınlaşır?
Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli Crossmedia.az-a açıqlama verib:

“Bu məsələ hücumla bağlı deyil. Burada əsas məqsəd danışıqlar aparmaq, diplomatik yollarla İrana təzyiq göstərmək və eyni zamanda, Hörmüz boğazının Avropa gəmiləri üçün açılmasına nail olmaqdır. Yəni proses daha çox siyasi-diplomatik müstəvidə gedir.
Digər tərəfdən, Britaniya və Fransanın bu addımları həm də ABŞ-yə mesaj xarakteri daşıyır. Onlar göstərmək istəyirlər ki, Vaşinqtonsuz da müəyyən beynəlxalq məsələləri həll etmək imkanına malikdirlər.
Başqa sözlə desək, Donald Trampın tez-tez vurğuladığı “Avropa ABŞ-dən asılıdır” fikrinə qarşı öz siyasi güclərini nümayiş etdirməyə çalışırlar”.
Politoloq əlavə edib ki, hazırda nə Britaniyanın, nə Fransanın, nə də digər Avropa ölkələrinin İrana qarşı birbaşa hərbi əməliyyat aparmaq niyyəti və marağı var:
“Burada əsas məqsəd iqtisadi, siyasi və diplomatik təzyiq vasitələri ilə nəticə əldə etməkdir. Hətta bəzi hallarda bu proses qarşılıqlı anlaşma və razılaşma əldə etmək cəhdi kimi də görünür.
Əsas məsələlərdən biri də Hörmüz boğazının Avropa gəmiləri üçün açıq saxlanılmasıdır. Çünki İran üzərindən və ya İranla bağlı marşrutlar beynəlxalq ticarət üçün mühüm əhəmiyyət daşıyır.
Avropa ölkələrinin İranla iqtisadi münasibətləri tamamilə dayanıb demək düzgün olmaz. Məsələn, Fransa ilə İran münasibətlərinə baxdıqda bunu daha aydın görmək mümkündür.
Fransa və Türkiyə NATO çərçivəsində müttəfiq ölkələrdir. Amma bəzi dövrlərdə İranla Fransanın münasibətləri Türkiyə-Fransa münasibətlərindən daha isti olub. Kağız üzərində Fransa İrana qarşı sanksiyalara qoşulsa da, reallıqda münasibətlər tamamilə qopmayıb. Bu, müasir beynəlxalq münasibətlərin paradokslarından biridir.
Kağız üzərində müttəfiq olan dövlətlər hər zaman yaxın münasibətdə olmur, bəzən rəqib və ya düşmən kimi görünən dövlətlər arasında isə kifayət qədər isti əlaqələr mövcud olur. İran-Fransa münasibətləri buna nümunə göstərilə bilər.
Xüsusilə, İranda şah rejimindən sonra və Ayətullah Xamenei hakimiyyətə gəldiyi dövrdən etibarən Fransa ilə İran arasında münasibətlər müəyyən səviyyədə qorunub saxlanılıb.
Formal olaraq, Fransa İrana qarşı sanksiyalara qoşulub, amma praktiki münasibətlərdə bunun tam əksini görmək mümkündür. Yaxın dövrdə Avropanın İranla münasibətlərində daha yumşaq və yaxınlaşmaya doğru gedən proseslərin şahidi ola bilərik”.
Ayhan
16:33 12.05.2026
Oxunuş sayı: 59