Hörmüz boğazı artıq qlobal iqtisadi böhrana səbəb olub
Hindistanın Baş naziri Narendra Modi ölkədə artan iqtisadi təzyiqlər və qlobal qeyri-sabitlik fonunda vətəndaşları və biznes sektorunu resurslardan daha qənaətlə istifadə etməyə çağırıb. Onun çıxışı, xüsusilə enerji qiymətlərindəki dəyişkənlik, idxaldan asılılıq və xarici bazarlardakı risklərlə əlaqələndirilir.
Beynəlxalq maliyyə qurumu “Qoldman Saks” (Goldman Sachs) isə öz analitik hesabatlarında qeyd edir ki, qlobal iqtisadi qeyri-müəyyənlik, tədarük zəncirindəki pozuntular və geosiyasi gərginliklər Hindistanın iqtisadi artım tempini zəiflədə bilər. Xüsusilə, enerji bazarındakı dalğalanmalar və neft qiymətlərinin yüksəlməsi inkişaf etməkdə olan iqtisadiyyatlara əlavə təzyiq yaradır.
Ümumilikdə bu vəziyyət yalnız Hindistanla məhdudlaşmır, qlobal iqtisadi sistemdə qarşılıqlı asılılıq səbəbindən bir çox ölkə oxşar risklərlə üzləşə bilər.
Mövzu ilə bağlı iqtisadçı Fuad İbrahimli Crossmedia.az-a açıqlama verib:

“Ancaq bu günlərin bir çox proqnoz verən, bazar araşdırmalarını aparan nəhəng şirkətlər, o cümlədən məsələn, “Goldman Sachs” tərəfindən aparılan araşdırmalar zamanı bu il Hindistanın inkişaf tempinin daha aşağı düşəcəyi ilə bağlı artıq proqnozlar verilmişdi.
Son günlərdə isə Narendra Modinin bu barədə verdiyi məlumat daha çox COVID dövründə ölüm halları ilə yaranmış vəziyyət və onun doğurduğu problemlərlə əlaqələndirilir. O, bunu əsas götürərək və yaxın Şərqdəki mövcud məsələlərlə də əlaqələndirərək ölkə ictimaiyyətini və biznes mühitini daha çox qənaətcilliyə dəvət edir.
Onun təkliflərindən biri ondan ibarətdir ki, imkan daxilində az nəqliyyat vasitələrindən istifadə edilsin, gediş-gəlişlər azaldılsın və maksimum şəkildə evdən və ya iş mühitindən işləməyə üstünlük verilsin”.
İqtisadçı əlavə edib ki, bu gün Yaxın Şərqdə Hörmüz keçidində mövcud olan problem ilk növbədə bu qəbildən olan ölkələrə təsir göstərmişdir:
“Hindistanda da bilirsiniz ki, yanacaqla bağlı müəyyən bir böhran mühiti formalaşmışdır. Lakin bütün bunları bir araya gətirdikdə, bu çıxışın əsas məğzi də bununla bağlıdır və əlbəttə ki, əgər bu münaqişə uzanarsa, Hörmüz keçidindəki böhran davam edərsə, bu, şübhəsiz ki, Hindistan iqtisadiyyatına da təsir göstərəcək.
Çünki bu region Hindistan iqtisadiyyatının kifayət qədər asılı olduğu bir sahədir, xüsusilə idxal amili baxımından. Bu baxımdan Hindistan öz iqtisadiyyatında, düzgün desək, bu vəziyyətin təsirini mütləq şəkildə görəcəkdir.
Yəni, bu çıxışın mahiyyəti də bununla bağlıdır — qabaqlayıcı tədbirlər görmək, böhranın dərinləşməsinin qarşısını almaq və eyni zamanda, uyğun addımlar atmaq. Məqsəd isə əhalini, biznes mühitini və bütün iqtisadi iştirakçıları bu şəraitə uyğunlaşmağa və ondan səmərəli şəkildə istifadə etməyə dəvət etməkdir”.
Ayhan
15:13 12.05.2026
Oxunuş sayı: 82