Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf dövrünə qədəm qoyur – Aydın Hüseynov
Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Prezident İlham Əliyevin etdiyi paylaşım Azərbaycan dövlətçiliyinin keçdiyi tarixi yolu və əldə olunan milli uğurları bir daha ön plana çıxarıb.
Paylaşımda vurğulanan fikirlər xalqın uzun illər davam edən mübarizəsinin nəticəsi olaraq ölkənin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunmasının mühüm siyasi və tarixi əhəmiyyət daşıdığını göstərir.
Prezidentin “Azərbaycan ərazisində hər qarış torpaq xalqımıza məxsusdur” mesajı dövlətin qətiyyətli mövqeyini və milli həmrəyliyin gücünü ifadə edir.
Bu bəyanat həm də Ulu Öndərin siyasi kursunun davam etdirildiyini, Azərbaycanın müstəqilliyinin və milli maraqlarının qorunmasının dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qaldığını nümayiş etdirir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Aydın Hüseynov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"İlham Əliyevin “Bu gün Azərbaycan ərazisində hər qarış torpaq xalqımıza məxsusdur” fikri ölkənin ərazi bütövlüyü və dövlətçilik mövqeyi baxımından mühüm mesaj kimi qiymətləndirilir.
Bu ifadə uzun illər davam edən mübarizənin nəticəsini əks etdirən yanaşmadır. Azərbaycanın bütün ərazilərində dövlət suverenliyinin tam şəkildə təmin olunması cəmiyyətdə birlik və inam hissini daha da gücləndirib.
Son illərdə azad edilmiş ərazilərdə aparılan geniş quruculuq işləri də bu fikrin praktik nəticəsi kimi görünür. Şəhərlərin və kəndlərin yenidən qurulması, yolların çəkilməsi, yeni yaşayış məntəqələrinin salınması həmin torpaqların yenidən həyata qayıtdığını göstərir. Dövlətin əsas məqsədi yalnız əraziləri bərpa etmək deyil, insanların təhlükəsiz və rahat şəkildə öz doğma yurdlarına qayıtmasını təmin etməkdir.
Bu fikir cəmiyyət üçün mənəvi baxımdan da böyük əhəmiyyət daşıyır. Uzun illər doğma torpaqlarından uzaqda yaşayan insanlar indi həmin ərazilərə qayıtmaq imkanı əldə edirlər. Bu proses ölkədə milli həmrəyliyin güclənməsinə və vətəndaşların dövlətə inamının artmasına təsir göstərir. İnsanlar artıq Qarabağ və Şərqi Zəngəzurun gələcəyinə daha böyük ümidlə baxırlar.
Prezidentin bu mesajı regionda davamlı sabitliyin və inkişafın vacibliyini də ön plana çıxarır. Çünki torpaqların sahibinə qayıtması yalnız hərbi və siyasi məsələ deyil, eyni zamanda sosial və iqtisadi inkişaf məsələsidir. Bu gün həyata keçirilən layihələr göstərir ki, Azərbaycan azad edilmiş əraziləri ölkənin ən müasir və inkişaf etmiş bölgələrindən birinə çevirmək niyyətindədir".
Elmir Heydərli
15:40 12.05.2026
Oxunuş sayı: 60