Ürək-damar xəstəliklərinə qarşı sınaqdan keçirilən dərman gözlənilən nəticəni verməyib
Ürək tutması və insult riskini azaltmaq məqsədilə hazırlanan pelacarsen adlı eksperimental dərman genişmiqyaslı klinik sınaqlarda əsas hədəfinə çata bilməyib. Dərmanın hazırlanmasını həyata keçirən “Novartis” şirkəti layihəni dayandırmaq qərarına gəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
ABŞ-ın Ohayo ştatındakı Klivlend Klinikasının profilaktik kardioloqu Stiven Nissen nəticələri şənbə günü Amerika Ürək Assosiasiyasının illik konfransında təqdim edəcək.
Pelacarsen qanda lipoprotein(a) — Lp(a) adlanan, zülalla örtülmüş yağ hissəciklərinin səviyyəsini azaltmaqla ciddi ürək-damar hadisələrinin riskini aşağı salmaq üçün hazırlanmışdı. Lakin klinik sınaqlar zamanı preparat infarkt və insult kimi ağır nəticələrin qarşısını almaq baxımından gözlənilən təsiri göstərməyib.
Nissen bildirib ki, tədqiqatın nəticələri mütəxəssislər üçün gözlənilməz olacaq. Onun sözlərinə görə, dərmanın hətta ikinci dərəcəli göstəricilər üzrə də əhəmiyyətli müsbət təsiri qeydə alınmayıb.
Alim qeyd edib ki, Lp(a) yüksəkliyi dünyada bir milyarddan çox insana təsir edən problemdir və bu vəziyyətin müalicəsi üçün dərman üzərində aparılan ilk genişmiqyaslı tədqiqatın uğurlu olacağı gözlənilirdi.
“Novartis” şirkəti preparatın hazırlanmasına on milyonlarla dollar vəsait xərcləsə də, sınaqların nəticələrindən sonra onun inkişafını dayandırıb.
03:00 08.11.2026
Oxunuş sayı: 24