ABŞ Ukrayna ilə bağlı danışıqların gündəliyini dəyişib
Donald Tramp administrasiyası Ukrayna münaqişəsinin həlli üzrə keçiriləcək növbəti məsləhətləşmələrdə ümumavropa təhlükəsizliyi məsələsini əsas müzakirə mövzularından birinə çevirməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, yeni yanaşma çərçivəsində Avropa qitəsinin təhlükəsizliyi ilə bağlı strateji məsələlər danışıqlarda ön plana çəkiləcək. Bununla yanaşı, lokal atəşkəs rejimləri və münaqişənin yekununda mümkün ərazi dəyişikliklərinin detalları ikinci plana keçəcək.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa ölkələrinin Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda iştirak etməsinə ehtiyac olmadığını bildirib.
Rusiya Prezidenti Vladimir Putin isə oktyabrın 22-də ABŞ, Rusiya və Ukrayna arasında planlaşdırılan üçtərəfli danışıqların əsas məqsədinin yekun sülh sazişinə nail olmaq və münaqişə tərəflərinin gələcək təhlükəsizliyini təmin etmək olduğunu qeyd etmişdi.
22:50 07.11.2026
Oxunuş sayı: 26