Qurbağaların səsi məhkəməyə qədər uzandı - Qeyri-adi İDDİA
Avstriyada məhkəmə qonşular arasında illərdir davam edən mübahisəyə son qoyaraq qurbağaların gecə qurultusuna icazə verib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Heute” nəşri məlumat yayıb.
Məlumata görə, Paşinq kommunasının sakini qonşusunun həyətindəki gölməçədə yaşayan qurbağaların gecələr səs salmasından şikayət edərək məhkəməyə müraciət edib. O bildirib ki, qurultu açıq pəncərə ilə yatmasına mane olur.
Ekspertiza zamanı qurbağaların səsinin müəyyən edilmiş normadan 4 desibel yüksək olduğu müəyyən edilib. Bundan sonra birinci instansiya məhkəməsi şikayətçinin xeyrinə qərar çıxarıb. Qonşulara saat 22:00-dan səhər 06:00-dək qurbağaların səsini dayandırmaq tapşırılıb. Qərara əməl edilməyəcəyi təqdirdə onları 30 min avroya qədər cərimə gözləyirdi.
Nəşrin yazdığına görə, qonşular məhkəmə qərarını ekoloji üsullarla yerinə yetirməyə çalışıblar. Hətta gölməçəyə durnabalığı buraxıblar. Lakin sonrakı instansiyada qərar dəyişib. Hakim hesab edib ki, qurbağalar gölməçəyə özləri gəliblər və onların səs çıxarması təbii haldır.
Avstriya Ali Məhkəməsi də qonşunun şikayətini rədd edərək apellyasiya instansiyasının qərarını qüvvədə saxlayıb. Beləliklə, qurbağaların gecə qurultusu ilə bağlı uzunmüddətli məhkəmə çəkişməsi başa çatıb.
19:08 07.11.2026
Oxunuş sayı: 20