Tural Gəncəliyev: Azərbaycanın siyasətində revanşizm deyil, insan amili və inkişaf əsas yer tutur
İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri Qarabağda yeni həyatın formalaşdırılması istiqamətində davam edir. Bu proses çərçivəsində infrastrukturun yenilənməsi, yaşayış məntəqələrinin bərpası, sosial və ictimai obyektlərin istifadəyə verilməsi ilə yanaşı, idman sahəsinin inkişafına da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin Xankəndi Şəhər Stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirakı da bu istiqamətdə həyata keçirilən işlərin növbəti nümunəsidir. UEFA-nın 3-cü kateqoriya standartlarına uyğun yenidən qurulan və 8 554 tamaşaçı tutumuna malik stadion Xankəndinin idman həyatının canlanması, eləcə də Qarabağın idman potensialının inkişafı baxımından əhəmiyyət daşıyır.
Bəs Xankəndidə
stadionun istifadəyə verilməsi Qarabağda aparılan ümumi bərpa prosesinin hansı
mərhələyə çatdığını göstərir? Prezidentin bu işlərə şəxsən diqqət və nəzarət
etməsi regionun gələcək inkişafına necə təsir edir?
Mövzu ilə
bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Tural Gəncəliyev qeyd
edib ki, Cənab Prezidentin Xankəndi şəhərində stadionun açılışında iştirak etməsi,
Qarabağın ən böyük və əzəmətli şəhərlərindən biri olan Xankəndidə aparılan
quruculuq və bərpa işlərinə şəxsən nəzarət etməsi bir daha bu prosesin yalnız
fiziki və texniki bərpadan ibarət olmadığını göstərir: “Burada əsas məqsəd keçmiş
məcburi köçkünlərin öz doğma yurdlarına şərəfli qayıdışını təmin etmək, onların
normal yaşayışı üçün zəruri şərait yaratmaqdır. Xankəndi stadionunun müasir
standartlara uyğun şəkildə yenidən qurulması və istifadəyə verilməsi onu göstərir
ki, Azərbaycan Qarabağın turizm və idman potensialının reallaşdırılmasına da
xüsusi diqqət yetirir. Cənab Prezidentin bu məsələyə göstərdiyi diqqət regionun
gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Artıq məlumdur ki, Azərbaycan
futbol, xüsusilə də klub futbolu sahəsində ciddi uğurlar əldə edir.
Komandalarımız dünyanın ən nüfuzlu futbol turnirlərindən biri olan UEFA
Çempionlar Liqasında iştirak edir. Dövlətin idmana göstərdiyi diqqət və qayğı
davam edərsə, gələcəkdə Qarabağ futbol klubu ilə yanaşı, Xankəndi şəhərini təmsil
edən futbol komandasının da bu stadionda öz ev oyunlarını keçirməsi mümkündür.
Hətta gələcəkdə Qarabağa aid digər klubların da burada beynəlxalq turnirlər çərçivəsində
mübarizə aparması üçün imkanlar yarana bilər”.
Deputat qeyd
edib ki, bütün bunlar Böyük Qayıdış və Qarabağda genişmiqyaslı bərpa prosesinin
yalnız rəmzi xarakter daşımadığını, real nəticələrlə müşayiət olunduğunu göstərir:
“Doğma yurdlarına qayıdan sakinlər üçün iqtisadi, turizm və idman sahələrində
öz potensiallarını reallaşdırmaq imkanları yaradılır. Bu, eyni zamanda, dünyaya
ünvanlanan mühüm mesajdır. Azərbaycan işğaldan azad edilmiş torpaqlarını böyük
həvəslə, bütün imkanlarını və resurslarını səfərbər edərək yenidən qurur. Dövlət
büdcəsindən Qarabağın bərpasına milyardlarla manat vəsaitin ayrılması da bu
prosesin dövlətin prioritet istiqamətlərindən biri olduğunu təsdiqləyir. Bu işlər
ölkə Prezidentinin birbaşa nəzarəti altında davam etdirilir. Xankəndidə müasir
stadionun istifadəyə verilməsi və onun Zəfər Günü ərəfəsində təqdim olunması da
bərpa-quruculuq işlərinin əhəmiyyətini bir daha nümayiş etdirir. Biz yalnız
beynəlxalq hüququn pozulması nəticəsində zərər görmüş nüfuzumuzu bərpa etməmişik,
eyni zamanda, doğma torpaqlarımızı yenidən quraraq orada həyatın canlanması
üçün şərait yaradırıq. Məqsədimiz torpaqlarımızı yalnız müharibə meydanında
qazanılmış qələbənin nəticəsi kimi deyil, insanların qayıdıb yaşadığı,
iqtisadi, ticarət, humanitar və idman sahələrində uğurlar əldə etdiyi inkişaf
edən ərazilər kimi formalaşdırmaqdır. Azərbaycanın siyasətində revanşizm deyil,
insan amili və insan inkişafı əsas yer tutur. Xankəndi şəhərində belə möhtəşəm
stadionun yenidən qurularaq istifadəyə verilməsi də bu yanaşmanın bariz nümunəsidir.
Qələbəmizin altıncı, Xankəndinin işğaldan azad edilməsinin isə üçüncü ildönümü ərəfəsində
stadionun açılması xalqımıza təqdim olunan əlamətdar hadisələrdən biridir”.
Ayhan
16:00 07.11.2026
Oxunuş sayı: 35