Rusiyada kiberhücum: İqtisadi göstəricilərin açıqlanması gecikir
Rusiyanın Federal Dövlət Statistika Xidməti (Rosstat) informasiya sistemlərinə edilən kiberhücumlar səbəbindən bəzi iqtisadi göstəricilərin açıqlanmasının gecikə biləcəyini bildirib.
Crossmedia.az Rosstata istinadən xəbər verir ki, oktyabrın 29-dan noyabrın 1-dək qurumun informasiya resurslarına kiberhücumlar həyata keçirilib. Hücumlardan sonra qurumun internet saytı yenidən fəaliyyətə başlasa da, informasiya sistemlərinin tam bərpası istiqamətində işlər davam edir.
Məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə İT infrastrukturunun bəzi hissələri hələ də məhdudlaşdırılmış vəziyyətdə saxlanılır. Bu səbəbdən bir sıra statistik məlumatların təqdim edilməsi üçün son tarix noyabrın 13-dək uzadılıb.
Qurum qeyd edib ki, ilkin məlumatların qəbul müddətinin uzadılması bəzi statistik göstəricilərin dərc olunma vaxtına təsir edə bilər.
Rosstat daha əvvəl kiberhücumlar nəticəsində məlumat bazalarına icazəsiz müdaxilə və ya qanunla qorunan informasiyanın sızması faktının aşkarlanmadığını açıqlamışdı.
15:19 07.11.2026
Oxunuş sayı: 47