Lukaşenko: Bizə artıq inqilablar lazım deyil
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsində yeni inqilabların baş verməsini istəmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Belarusun “BELTA” dövlət informasiya agentliyi bu barədə məlumat yayıb.
Lukaşenko noyabrın 7-də Mogilyov vilayətinə işgüzar səfəri zamanı Oktyabr inqilabının ildönümü ilə bağlı fikirlərini bölüşüb.
“İnqilabların limiti çoxdan bitib. Mən inqilab tərəfdarı deyiləm və bir tarixçi kimi bunun ölkəmizdə təkrarlanmasını istəmirəm”, – deyə Belarus lideri vurğulayıb.
O, 1917-ci il Oktyabr inqilabının həm müsbət, həm də mənfi nəticələrinin olduğunu bildirib.
Lukaşenkonun sözlərinə görə, inqilabdan sonrakı hadisələr milyonlarla insanın həyatına son qoyub.
“Bizə artıq inqilablar lazım deyil. İnqilablardan sonra milyonlarla insan həlak olub”, – deyə o qeyd edib.
Bununla yanaşı, Belarus Prezidenti 1917-ci il hadisələrinin ölkəsinin gələcək müstəqilliyi üçün imkan yaratdığını da bildirib.
O, inqilabdan sonrakı dövrdə minlərlə zavodun tikildiyini, lakin tarixin faciəli səhifələrinin də olduğunu diqqətə çatdırıb.
Lukaşenko Belarusda 7 Noyabrın rəsmi bayram kimi saxlanılmasının səbəbini də açıqlayıb.
Onun sözlərinə görə, bu qərarın verilməsində Oktyabr inqilabının ildönümünü mühüm tarixi hadisə hesab edən yaşlı nəslin nümayəndələrinin mövqeyi nəzərə alınıb.
Xatırladaq ki, Lukaşenko daha əvvəl Ukraynadakı münaqişənin genişlənməsinin Üçüncü Dünya müharibəsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Bununla belə, o, hərbi əməliyyatların yaxın aylarda başa çatacağına inandığını bildirib.
14:41 07.11.2026
Oxunuş sayı: 36