Günəşdə güclü aktivlik: İki gün ərzində 35 alışma qeydə alınıb
Günəşdə aktivlik kəskin artıb, iki sutkadan az müddətdə 35 alışma qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, Rusiyanın TASS agentliyi Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutuna və Günəş-Yer Fizikası İnstitutuna istinadən bu barədə məlumat yayıb.
Bildirilib ki, Günəşdə alışmaların sayı sürətlə artır.
“Ötən sutka ərzində kosmik müşahidə vasitələri C və daha yüksək sinifli 18 alışma qeydə alıb. Bu gün isə ilk 12 saat ərzində daha 17 alışma müşahidə olunub. Beləliklə, iki sutkadan az müddətdə alışmaların ümumi sayı artıq 35-ə çatıb”, – deyə məlumatda qeyd olunub.
Alimlərin sözlərinə görə, yüksək aktivliyin əsas mənbəyi Günəşin səthində yaranmış böyük ləkələr qrupudur.
Xatırladaq ki, noyabrın 5-də Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası son dörd həftənin ən güclü Günəş alışmasının baş verdiyini açıqlamışdı.
M3.6 sinfinə aid həmin alışma oktyabrın 10-dan bəri qeydə alınan ən güclü hadisə olub.
Qeyd edək ki, Günəş alışmaları intensivliyinə görə A, B, C, M və X siniflərinə bölünür. M və X sinifli güclü alışmalar müəyyən şəraitdə Yerə təsir göstərən kosmik hava hadisələri ilə müşayiət oluna bilər. Lakin hər alışma Yer üzərində maqnit qasırğasının yaranması demək deyil.
14:48 07.11.2026
Oxunuş sayı: 31