Ət niyə bahalaşır? - İqtisadçı problemin kökünü açıqladı
Ət məhsulları Azərbaycan mətbəxində və əhalinin gündəlik qida rasionunda mühüm yer tutur. Lakin son illər ətin qiymətinin artması bu məhsulu bir çox ailələr üçün getdikcə daha əlçatmaz edir. Əvvəllər gündəlik tələbat hesab edilən ət bəzi ailələr üçün artıq büdcəni ciddi şəkildə planlaşdırmağı tələb edən ərzaq məhsuluna çevrilib. Qiymət artımının davam etməsi isə yalnız istehlakçıların xərclərini deyil, ölkənin ərzaq təhlükəsizliyi və heyvandarlıq sektorunun gələcəyini də gündəmə gətirir.
Ət bazarında qiymətə təsir edən əsas amillərdən biri yerli istehsalın vəziyyətidir. Heyvanların saxlanılması, yem təminatı, otlaq sahələrinin qorunması, baytarlıq xidmətləri, damazlıq işinin təşkili və fermerlərə göstərilən dəstək bu sahənin inkişafında mühüm rol oynayır. Bu istiqamətlərdən hər hansı birində yaranan problem son nəticədə məhsulun maya dəyərinə, təklifin həcminə və bazar qiymətlərinə təsir göstərə bilər. Xüsusilə yem xərclərinin artması, heyvanların sayının azalması və istehsalın idxaldan asılı vəziyyətə düşməsi uzunmüddətli risklər yaradır.
Azərbaycanın heyvandarlıq potensialı, mövcud təsərrüfat imkanları və regional şəraiti nəzərə alınmaqla, bu sahədə hansı modelin seçilməsi xüsusi əhəmiyyət daşıyır. Məqsəd yalnız bazarda ət qıtlığının qarşısını almaq deyil, həm də istehsalçının fəaliyyətini rentabelli, məhsulu isə əhali üçün əlçatan etməkdir. Bunun üçün dövlət dəstəyi, fermerlərin iqtisadi maraqları və istehlakçıların alıcılıq qabiliyyəti arasında tarazlıq yaradılmalıdır.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlamasında iqtisadçı Asif ibrahimov təəssüflə bildirib ki, bir çox hallarda biz nəticələr üzərində baş sındırırıq:
“Ekspertlər, iqtisadçılar, media nümayəndələri, hətta bəzən millət vəkilləri də heyvanların sayının azalmasından narahatlıq ifadə edirlər. Halbuki heyvan sayının azalması səbəb deyil, nəticədir. Biz həmişə nəticələrə diqqət yetiririk, amma problemin əsas səbəbi üzərində kifayət qədər dayanılmır. Bu səbəb isə yanlış həyata keçirilən aqrar siyasətdir.
Əslində, ölkə başçısının son müşavirədə səsləndirdiyi fikirlər və verdiyi tapşırıqlar olduqca aydın, konkret və məqsədyönlü idi. Sadəcə, həmin tapşırıqları düzgün şəkildə icra etmək lazım idi.

Son dövrlərdə Azərbaycanda ət qiymətlərinin artması əhalinin alıcılıq qabiliyyətinə ciddi təsir göstərir. Bu tendensiya təsadüfi deyil. Problemin arxasında heyvandarlıq sektorunda illər ərzində yığılıb qalmış struktur və idarəetmə problemləri dayanır. Düşünürəm ki, bu problemlər vaxtında həll edilməsə, gələcəkdə həm ət istehsalı azala, həm də idxaldan asılılığımız daha da arta bilər. Hətta o zaman bugünkü vəziyyətə şükür etməli ola bilərik.
Mən hesab edirəm ki, Azərbaycanda heyvandarlıq sahəsində ən ciddi problemlərdən biri istehsalın iqtisadi səmərəliliyinin aşağı olmasıdır. Biz uzun müddətdir heyvanların sayını əsas göstərici kimi götürürük. Halbuki heyvandarlığın inkişafı heyvanların sayından daha çox onların məhsuldarlığı, yem təminatı, cins tərkibi və yetişdirilməsinə çəkilən xərclərlə ölçülməlidir.
Məsələn, bir təsərrüfatda 10 baş heyvanın saxlanılması həmin təsərrüfatın rentabelli işləməsi demək deyil. Əgər heyvanların yetişdirilməsinə çəkilən yem, baytarlıq, əmək və digər xərclər yüksəkdirsə, fermerin əldə etdiyi gəlir azalacaq. Hər bir məhsulun son qiymətini isə onun istehsalına çəkilən xərclər, eləcə də tələb və təklif amilləri müəyyənləşdirir. Nəticədə fermer heyvandarlıqdan uzaqlaşa, istehsal zəifləyə və bazarda idxal məhsullarının payı arta bilər.
Azərbaycanda heyvandarlığın ən böyük problemlərindən biri də yem bazasıdır. Yem istehsalı ilə heyvandarlıq arasında düzgün əlaqə qurulmadığını hamımız görürük. Fermerlərin əksəriyyəti yem ehtiyatını ya bazardan alır, ya da məhdud torpaq imkanları hesabına formalaşdırır. Yem qiymətlərinin artması da birbaşa ətin maya dəyərinə ciddi təsir göstərir”.
İqtisadçı qeyd edib ki, əgər ətin qiymətini sabit saxlamaq istəyiriksə, ilk növbədə heyvandarlıq xərclərini azaltmağa çalışmalıyıq:
“Bunun üçün yem bitkilərinin istehsalını, silos və senaj təsərrüfatlarını, yem emalı müəssisələrini və regional yem bazalarını inkişaf etdirməliyik.
Digər ciddi problem damazlıq heyvandarlıqla bağlıdır. Yerli heyvanların məhsuldarlığının aşağı olması, cins tərkibinin yaxşılaşdırılması prosesinin ləng getməsi istehsalın maya dəyərini artırır. Bugünkü iqtisadi şəraitdə heyvandarlıq 30-40 il əvvəlki təsərrüfat modeli ilə eyni şəkildə idarə oluna bilməz.
Xarici ölkələrdən damazlıq heyvanların gətirilməsi müəyyən nəticələr verir. Lakin bununla yanaşı, sistemli seleksiya, süni mayalanma, baytarlıq xidməti və uyğun yemləmə proqramları da həyata keçirilməlidir. Biz bəzən bu tədbirlərdən birini görür, digərlərini isə lazımi səviyyədə həyata keçirə bilmirik. Düşünürəm ki, sadəcə damazlıq heyvanı ölkəyə gətirməklə heyvandarlığı inkişaf etdirmək mümkün deyil. Onun yerli iqlimə uyğunlaşması, məhsuldarlığı və iqtisadi səmərəsi də təmin edilməlidir.
Bu məsələdə xarici təcrübəyə xüsusi diqqət yetirməliyik. İrlandiya və Yeni Zelandiya heyvandarlıqda otlaq resurslarından səmərəli istifadə edir, seleksiya və məhsuldarlıq modellərini öz şəraitlərinə uyğun qururlar. Niderland müasir texnologiyaların tətbiqi və intensiv istehsalın təşkili baxımından maraqlı təcrübəyə malikdir. Uruqvayda isə ailə təsərrüfatlarının gəlirliliyinin artırılması və otlaqların idarə edilməsi sahəsində nümunəvi yanaşmalar var.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları bu təcrübələrdən faydalana bilərlər. Azərbaycan həmin ölkələrin təcrübəsini öyrənməli və tətbiq etməlidir. Təbii ki, onların modellərini olduğu kimi ölkəmizə gətirmək mümkün deyil. Hər regionun torpaq, iqlim, su və yem potensialına uyğun iqtisadi model qurulmalıdır.
Mənim fikrimcə, aqrar siyasətdə yol verilən ciddi səhvlərdən biri də subsidiyaların nəticələrinin kifayət qədər qiymətləndirilməməsidir. Dövlət fermerlərə subsidiya ayırır, güzəştli kreditlər verir, müxtəlif dəstək proqramları həyata keçirir. Lakin fermerlər ayrılan subsidiyanın məbləğindən və onu əldə etmək üçün müəyyənləşdirilən şərtlərdən narazılıq edirlər. Əsas məsələ isə ayrılan vəsaitin hansı nəticəni verməsidir.
Bu dəstək hesabına əlavə istehsal nə qədər artıb? Bir kiloqram ətin maya dəyəri nə qədər azalıb? Fermerin gəliri nə qədər yüksəlib? İstehsalın məhsuldarlığı hansı səviyyəyə çatıb? Bu suallar konkret olaraq əsas performans göstəricilərinin (KPI) ölçü meyarları olmalıdır.
Dövlət dəstəyi, məncə, yalnız heyvanların sayına görə verilməməlidir. Məhsuldarlıq, heyvanların sağlamlığı, damazlıq keyfiyyəti və istehsal nəticələri də əsas ölçü meyarlarından olmalıdır. Fermerə verilən hər bir manatın iqtisadi nəticəsi, yəni vəsaitin səmərəliliyi və geri dönüşü ölçülməlidir”.
Məhəbbət Tərlanoğlu
15:45 07.11.2026
Oxunuş sayı: 25