Brüsseldə etiraz edən tələbələr universitet binasından polis müdaxiləsi ilə çıxarılıb
Belçikanın paytaxtı Brüsseldə yerləşən Brüssel Azad Universitetində (ULB) oktyabrın 22-dən etibarən davam edən tələbə etirazları polis müdaxiləsi ilə dayandırılıb.
Crossmedia.az xəbər verir ki, noyabrın 7-də səhər saatlarında universitetin Solbosch kampusunda yerləşən P1 binasında keçirilən aksiyaya polis müdaxilə edib və binada qalan tələbələri ərazidən çıxarıb.
Universitetin rektoru Annemie Schaus bildirib ki, aksiya iştirakçıları binaya ziyan vurub, şəxsi kabinetlərə daxil olub və universitetin normal fəaliyyətinə mane olublar. O, divarlara nifrət məzmunlu şüarların yazıldığını və zorakılığa açıq çağırışların edildiyini iddia edib.
Rektorun sözlərinə görə, danışıqlar yolu ilə razılığa gəlmək cəhdləri nəticəsiz qaldığından universitet məhkəməyə müraciət edib. Polis müdaxiləsinin hakimin icazəsi əsasında və qanunvericiliyə uyğun həyata keçirildiyi bildirilib.
Tələbələr isə universitet rəhbərliyi ilə dialoqa açıq olduqlarını bəyan ediblər. Etirazçılar sosial şəbəkələrdə yaydıqları məlumatlarda müdaxilə zamanı aksiya iştirakçılarından bəzilərinin saxlanıldığını iddia ediblər.
Qeyd edək ki, oktyabrın 22-də başlayan aksiyada universitet tələbələri ilə yanaşı, orta məktəb və incəsənət məktəblərinin şagirdləri də iştirak ediblər. Etirazçılar təhsil haqlarının artırılmasına, ali təhsilin maliyyələşdirilməsində ixtisarlara, universitetin İsrail qurumları və silah sənayesi ilə əməkdaşlığına qarşı çıxıblar.
17:50 07.11.2026
Oxunuş sayı: 40