İnfantino fikrini dəyişdi: Dünya çempionatının formatı böyüməyəcək
FIFA prezidenti Canni İnfantino dünya çempionatında iştirakçı komandaların sayının 48-dən 64-ə çatdırılması planından imtina edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Matç TV” “The Times” nəşrinə istinadən məlumat yayıb.
FIFA rəhbəri qurumun rəhbər heyətinin üzvlərinə bildirib ki, yenidən prezident seçiləcəyi təqdirdə dünya çempionatının iştirakçı sayının artırılmasında israr etməyəcək. Bu qərar klublararası dünya çempionatının genişləndirilməsi planına da aiddir.
Qərarın 2027-ci ilin martında Mərakeşdə keçiriləcək FIFA prezident seçkiləri ilə əlaqəli olduğu bildirilir. İnfantino FIFA Forward Enterprise adlı şirkətin yaradılması və özəl investorların cəlb edilməsi təşəbbüsünə görə ciddi tənqidlərlə üzləşib. UEFA isə FIFA turnirlərini boykot edə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
İnfantino bu ilin iyulunda dünya çempionatının 2030-cu ildə 64 komandanın iştirakı ilə keçirilə biləcəyini bildirmiş və formatın genişləndirilməsini böyük uğur kimi qiymətləndirmişdi. Lakin FIFA sonradan yaydığı açıqlamada bu təşəbbüsün fikir ayrılıqlarına səbəb olduğunu etiraf edib.
Qeyd edək ki, 2026-cı ildə dünya çempionatı tarixdə ilk dəfə 48 milli komandanın iştirakı ilə ABŞ, Kanada və Meksikada keçirilib. 1998–2022-ci illərdə isə mundialın final mərhələsində 32 yığma mübarizə aparıb. Canni İnfantino 2016-cı ildən FIFA-ya rəhbərlik edir.
19:19 07.11.2026
Oxunuş sayı: 44