Krakovda atışmadan sonra matəm elan edilib
Polşanın Krakov şəhərində altı nəfərin ölümü ilə nəticələnən atışmadan sonra noyabrın 11-dək matəm elan olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə şəhərin meri Lukaş Qibalə məlumat verib.
Bildirilib ki, noyabrın 8-dən etibarən şəhərdə bayraqlar yarıya qədər endiriləcək. Həmçinin bələdiyyənin təşkil etdiyi bütün əyləncə tədbirləri ləğv olunacaq. Mer digər tədbir təşkilatçılarını da bu qərara qoşulmağa çağırıb.
Hadisə noyabrın 7-də axşam saatlarında baş verib. Dəbilqə və gülləkeçirməz jilet geyinmiş silahlı şəxs qara avtomobillə şəhərin Mərkəzi meydanına gələrək avtomobildən ətrafdakı insanlara atəş açıb. Daha sonra hadisə yerindən uzaqlaşmağa çalışsa da, başqa avtomobillə toqquşub. Şəhər portalının məlumatına görə, hücum edən şəxs tramvaya da atəş açıb.
Son məlumatlara əsasən, hadisə nəticəsində 15 nəfər xəsarət alıb, onlardan 12-nin vəziyyəti ağırdır. Yaralılar arasında iki polis əməkdaşı da var. Onlardan birinin bir, digərinin isə üç güllə yarası aldığı bildirilir. Həkimlər polis əməkdaşlarının həyatını xilas etməyə çalışırlar.
Hücum edən şəxs saxlanılarkən polis əməkdaşlarından biri ona yeddi dəfə atəş açıb. Kamuflyaj geyimində olan şübhəli xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Hazırda onun vəziyyəti stabildir.
Qeyd edək ki, atışmadan sonra Polşanın baş naziri də siyasətçilərə müraciət edib.
07:00 08.11.2026
Oxunuş sayı: 14