Nyu-York marafonunda iştirak edən 24 yaşlı qadın həyatını itirib
ABŞ-nin Pensilvaniya ştatından olan 24 yaşlı Reyçel Apa Nyu-York marafonu zamanı huşunu itirib və xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Polisin məlumatına görə, Reyçel Apa bazar günü keçirilən marafonun finiş xəttinə təxminən 2 mil qalmış qəfil yıxılıb. Hadisə yerində olan şəxslərdən biri ona ürək-ağciyər reanimasiyası tətbiq edib, yarışın əməkdaşları isə defibrilyatordan istifadə ediblər. Daha sonra təcili tibbi yardım briqadası onu xəstəxanaya çatdırıb.
Nyu-York şəhərinin Tibbi Ekspertiza İdarəsi çərşənbə axşamı açıqlayıb ki, ölümün səbəbi ilə bağlı araşdırma davam edir. Reyçel Apanın atası Stiv Apa “The New York Times” qəzetinə qızının rabdomioliz səbəbindən öldüyünü bildirib.
Rabdomioliz skelet əzələlərinin sürətlə parçalanması nəticəsində orqanizmə zərərli maddələrin yayılması ilə müşayiət olunan nadir vəziyyətdir. Bu hal böyrəklərin zədələnməsinə, ürək fəaliyyətində həyati təhlükəli problemlərə və çoxsaylı orqan çatışmazlığına səbəb ola bilər.
Mütəxəssislərin bildirdiyinə görə, marafonlar zamanı ölüm halları son dərəcə nadir olsa da, bu cür uzun məsafəli yarışlarda iştirak edənlərin sayı artır.
04:00 08.11.2026
Oxunuş sayı: 22