Motosiklet qəzaları niyə artır? – ekspertdən açıqlama
Bakıda motosiklet sürücüsünün ölümü ilə nəticələnən növbəti ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə paytaxtın Xətai rayonu ərazisində, intensiv hərəkətin müşahidə olunduğu 8 noyabr prospektində baş verib.
İlkin məlumatlara görə, yüksək sürətlə hərəkətdə olan motosiklet idarəetmədən çıxaraq yol kənarındakı piyada keçidinin dayaq konstruksiyasına çırpılıb.
Faciəli qəza nəticəsində 26 yaşlı Bakı sakini Raul İsgəndərov hadisə yerində həyatını itirib. Baş Dövlət Yol Polisi İdarəsi baş verən hadisənin ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri arasında təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyini bir daha gündəmə gətirdiyini bildirib.
Bəs maraqlıdır motosiklet ilə ölüm hallarında artım nədən qaynaqlanır?
Məsələ ilə bağlı nəqilliyyat üzrə ekspert Adil Nəbiyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Son illərdə motosikletlə bağlı ölüm hallarının artması ciddi narahatlıq doğuran məsələlərdən biridir və burada problem təkcə sürətdə deyil, ümumi idarəetmə mədəniyyətində və təhlükəsizlik yanaşmasındadır.
Bir çox hallarda motosiklet sürücüləri yüksək sürəti təhlükəli manevrlərlə birləşdirir, avtomobillər arasında riskli şəkildə hərəkət edir, ani zolaq dəyişmələri edir və öz imkanlarını olduğundan artıq qiymətləndirirlər.
Xüsusilə, gənc sürücülər arasında motosikletin nəqliyyat vasitəsindən daha çox adrenalin və nümayiş vasitəsi kimi qəbul olunması qəza riskini daha da artırır. Digər tərəfdən, motosiklet avtomobildən fərqli olaraq sürücünü qoruyan metal kuzova malik deyil və bu səbəbdən ən kiçik toqquşma və ya idarəetmənin itirilməsi belə ölüm və ağır xəsarətlə nəticələnə bilir.
Təhlükənin əsas səbəblərindən biri də bəzi sürücülərin qoruyucu dəbilqədən və xüsusi geyimlərdən düzgün istifadə etməməsi, gecə saatlarında yüksək sürətlə idarəetmə, təcrübəsiz şəkildə güclü motosikletlərin idarə olunması və yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşmadır.
Bəzən digər nəqliyyat vasitələrinin sürücüləri də motosikletləri yolda vaxtında görmür və ya onların sürətini düzgün hesablaya bilmir ki, bu da əlavə risk yaradır.
Problemin qarşısını almaq üçün motosiklet sürücüləri üçün daha ciddi və mərhələli təlim sistemi tətbiq olunmalıdır. Praktiki idarəetmə bacarıqlarına daha çox önəm verilməli, qoruyucu dəbilqə və xüsusi təhlükəsizlik geyimlərinin istifadəsinə nəzarət gücləndirilməlidir.
Yüksək sürət və təhlükəli manevrlərlə bağlı nəzarət tədbirləri artırılmalı, eyni zamanda sürücülər arasında təhlükəsiz idarəetmə mədəniyyətini formalaşdırmaq üçün geniş maarifləndirmə işləri aparılmalıdır.
Çünki motosiklet idarə etmək təkcə balans saxlamaq deyil, riskləri düzgün qiymətləndirmək, məsuliyyətli davranmaq və hər saniyə təhlükəsizliyi düşünməkdir".
Elmir Heydərli
14:02 12.05.2026
Oxunuş sayı: 77