Azərbaycan jurnalistlərinin IX qurultayının tarixi dəyişdirildi
Azərbaycan jurnalistlərinin IX qurultayı oktyabrın 16-da Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək.
Crossmedia.az xəbər verir ki, Mətbuat Şurası bu barədə məlumat yayıb.
Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi tədbirin keçirilmə tarixinin oktyabrın 15-dən 16-na dəyişdirilməsinə qərar verib.
Bildirilib ki, qərar hazırlıq işlərinin daha səmərəli şəkildə aparılması zərurəti ilə əlaqədardır.
Təşkilat Komitəsi Mətbuat Şurasının üzv təşkilatlarını qurultaya nümayəndələrin və Şuranın İdarə Heyətinə namizədlərin təqdim edilməsi prosesini sürətləndirməyə çağırıb.
Qeyd olunub ki, bunun üçün Mətbuat Şurasının “presscouncil.az” veb-saytında “Azərbaycan jurnalistlərinin IX qurultayı” bölməsində yerləşdirilmiş təlimata uyğun olaraq anketlər doldurulmalı və şəxsən Mətbuat Şurasına təqdim edilməli və ya [[email protected]](mailto:[email protected]) elektron ünvanına göndərilməlidir.
Nümayəndələrin və namizədlərin təqdim edilməsi prosesi oktyabrın 12-də başa çatacaq.
Qurultay oktyabrın 16-da saat 09:00-da öz işinə başlayacaq.
13:36 07.10.2026
Oxunuş sayı: 192