İranla yeni müharibə planı: İsrail və ABŞ hərbi əməliyyatlara hazırlaşır
İsrail və ABŞ İrana qarşı mümkün yeni hərbi eskalasiya ssenariləri üzrə birgə planlar hazırlamaq barədə razılığa gəlib. İsrail hərbi dairələri regionda müharibənin yenidən başlanması ehtimalının artdığı barədə xəbərdarlıq edərək, qərar qəbul etmək üçün vaxtın daraldığını bildirir.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrailin “Channel 13” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, İsrail ordusu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) ilə birgə planlaşdırmanın mövcudluğunu təsdiqləyib. Bununla belə, CENTCOM-un komandanı Bred Kuperin Təl-Əvivə səfəri zamanı İrana hücumla bağlı hər hansı qərarın müzakirə edilmədiyi bildirilib.
Adı açıqlanmayan yüksək rütbəli israilli hərbçi qeyd edib ki, İranla yenidən müharibənin başlanması son günlərlə müqayisədə daha yaxın deyil. İsrail ordusunun döyüş hazırlığı səviyyəsi yüksək olaraq qalsa da, maksimum həddə çatmayıb.
Məlumata əsasən, İsrail hərbi qiymətləndirmələrində ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi addım atmaq barədə qərar verməsinin vaxtının çatdığı qənaəti də yer alıb.
Qeyd edək ki, noyabrın 19-da Bred Kuper İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir və “Mossad” rəhbəri Roman Qofmanla Təl-Əvivdə görüşüb. Tərəflər regional vəziyyəti, təhlükəsizlik çağırışlarını və iki ölkənin orduları arasında strateji-əməliyyat əməkdaşlığının dərinləşdirilməsini müzakirə ediblər.
Bundan əvvəl, noyabrın 11-də İsrailin dövlət yayımçısı KAN ölkənin təhlükəsizlik kabinetinin İrana mümkün hücumla əlaqədar ordunun hazırlıq səviyyəsinin artırılması barədə göstəriş verdiyini açıqlamışdı.
İsrail mediasının məlumatına görə, “Mossad” rəhbəri Roman Qofman da Vaşinqtonda ABŞ administrasiyasının yüksək vəzifəli şəxsləri ilə görüşərək İranla bağlı kəşfiyyat qiymətləndirmələrini və mümkün hərbi əməliyyatları müzakirə edib.
14:48 22.11.2026
Oxunuş sayı: 91