Ədalət Partiyasında Əsəd Cahangirin 60 illik yubileyi qeyd olunub
Ədalət Partiyasının təşkilatçılığı ilə tanınmış ədəbiyyatşünas, tənqidçi, esseist və şair, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangirin 60 illik yubileyinə həsr olunmuş mərasim keçirilib.
Ədalət Partiyasının qərargahında baş tutan tədbirdə partiya rəhbərliyi və üzvləri, tanınmış yazıçı və şairlər, alimlər, jurnalistlər, naşirlər, sənət adamları, yubilyarın dostları və oxucuları iştirak ediblər.
Yubiley mərasimini giriş sözü ilə Ədalət Partiyasının sədri, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Mütəllim Rəhimli açaraq iştirakçıları salamlayıb. O, Əsəd Cahangirin Azərbaycan ədəbi-ictimai fikrindəki mövqeyindən, ədəbiyyatşünaslıq, ədəbi tənqid və publisistika sahəsindəki fəaliyyətindən danışaraq yubiley tədbirinin məramı və proqramı haqqında məlumat verib.
Daha sonra iştirakçılara yubilyarın həyat və yaradıcılığına həsr olunmuş yeddi dəqiqəlik videoçarx təqdim edilib. İradə Aytel tərəfindən hazırlanmış videoçarxda Əsəd Cahangirin həyat yolu, ədəbi fəaliyyətinin əsas mərhələləri, yaradıcılıq axtarışları, müxtəlif illərdə qələmə aldığı əsərlər və ictimai mövqeyi əksini tapıb.
Videoçarxın nümayişindən sonra tədbirin aparıcısı İradə Aytel Əsəd Cahangirin ədəbi düşüncə tariximizdəki yeri, tənqidçi və ədəbiyyatşünas kimi fəaliyyəti, müasir ədəbi prosesə münasibəti haqqında danışıb. O, yubilyarın yaradıcılığında milli ədəbi düşüncə, fəlsəfi yanaşma, estetik təhlil və söz sənətinə münasibətin mühüm yer tutduğunu diqqətə çatdırıb.
İlk çıxış üçün söz Tovuz Xeyriyyə Cəmiyyətinin sədr müavini, “Tərəqqi” medallı auditor Çingiz Abbasova verilib. Çingiz Abbasov yubilyarı təbrik edərək onun yaradıcılığına və şəxsiyyətinə ehtiramını ifadə edib. Çıxışının sonunda Tovuz Xeyriyyə Cəmiyyətinin təsis etdiyi “Azaflı Mikayıl – 100” döş nişanını cəmiyyət adından Əsəd Cahangirə təqdim edib.
Tədbirdə professorlar Asif Rüstəmli, Tamella Əliyeva (Abbasxanlı), naşir Elman Zərdabi, “Olimpia dünyası” qəzetinin baş redaktoru, şair Murad Qoçuoğlu, yazıçılar Qəni Camalzadə, Şamil Ənvəroğlu, Etibar Muradxanlı, Nazilə Gültac, şairlər Güləmail Murad, Rəfail İncəyurd, Vəli Qaraçaylı, Səadət Buta, Cəvahir Qaraqızı, Sahib Camal, Yusif Nəğməkar, Əzizə Ağahüseyinqızı, Qəzənfər Məsimoğlu, Ağaverdi Zəngəzurlu, Şəfəq Sahibli, Adilə Nəzər, Nicat Ər, Ədalət Partiyasının ideoloji məsələlər üzrə sədr müavini Elman Bağırov, Gənclər Təşkilatının sədri Məlik Məmmədli və başqaları çıxış edərək Əsəd Cahangirin ədəbi tənqid sahəsindəki fəaliyyəti, fərqli təfəkkür tərzi, bədii mətnlərə fəlsəfi yanaşması, milli ədəbiyyatın inkişafına verdiyi töhfələr və müasir ədəbi prosesdəki mövqeyini diqqətə çatdırıblar.
Mərasimin bədii hissəsində qiraətçi Azər İqrarın ifasında Əsəd Cahangirin “Verin kürsüləri şairlərə” şeirinə hazırlanmış videoklip nümayiş olunub.
Tədbir çərçivəsində Əsəd Cahangirin “Sözün Cahangiri” və “Kölgə işıqdan düşür” kitabları da təqdim olunub.
Mərasimdə yubilyar çıxış edərək tədbirin təşkilatçılarına, onu təbrik edən qonaqlara, ədəbiyyat və sənət nümayəndələrinə minnətdarlığını bildirib. O, mərasimdə öz şeirlərini səsləndirib, iştirakçılarla yaradıcılığı və sənətə münasibəti ilə bağlı düşüncələrini bölüşüb.
Tədbirin sonunda Baş ədliyyə müşaviri Ələmdar Məmmədov çıxış edərək partiya rəhbərliyi adından mərasimdə iştirak edən qonaqlara təşəkkürünü bildirib, Əsəd Cahangiri 60 illik yubileyi münasibətilə bir daha təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində yeni uğurlar arzulayıb.
Mərasim Əsəd Cahangirin sözlərinə Xanım İsmayılqızının bəstələdiyi “Biz qardaşıq” mahnısının Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların ifasında səsləndirilməsi və xatirə fotolarının çəkilməsi ilə başa çatıb.
14:59 22.11.2026
Oxunuş sayı: 135