Süni intellekt diplomatları əvəz edə bilməz – BMT baş katibliyinə namizəd
Süni intellekt diplomatlara məlumat axtarışı, tərcümə və təhlil sahəsində kömək edə bilər, lakin insanlar arasında canlı ünsiyyəti və dialoqu əvəz edə bilməz.
Crossmedia.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi vəzifəsinə namizəd Mariya Fernanda Espinosa “RİA Novosti”yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, süni intellekt diplomatiyada mühüm məlumatlar təqdim edir, tərcümələr aparır və təhlillər hazırlayır. Lakin diplomatik münasibətlərdə insan amili və qarşılıqlı ünsiyyət əvəzolunmazdır.
Espinosa qeyd edib ki, süni intellektin inkişafı diplomatların peşəkar bacarıqlarına, etik prinsiplərinə və qarşı tərəflə ortaq dil tapmaq qabiliyyətinə daha çox diqqət yetirməsini tələb edir.
Namizədin fikrincə, müasir dövrdə insan intellektinə əvvəlkindən iki dəfə çox diqqət ayrılmalıdır. Bununla yanaşı, diplomatlar süni intellektlə işləmək bacarığına, dürüstlüyə və etik prinsiplərə də sahib olmalıdırlar.
O vurğulayıb ki, yeni texnologiyalar bəşəriyyətə fayda verə biləcəyi kimi, müəyyən problemlər də yarada bilər. Diplomatiya insanlar arasında ünsiyyətə və fikir ayrılıqlarını aradan qaldırmaq bacarığına əsaslandığından, bu fəaliyyəti tamamilə süni intellektə həvalə etmək mümkün deyil.
15:55 22.11.2026
Oxunuş sayı: 63