ABŞ və Çin arasında texnoloji rəqabətin yeni mərhələsi başlayır
ABŞ və Çin arasında texnoloji qarşıdurmanın əsas istiqaməti yarımkeçirici çiplər, nadir torpaq metalları və süni intellekt infrastrukturu uğrunda mübarizəyə çevrilib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Financial Times” nəşrinin köşə yazarı Kris Miller məlumat yayıb.
Millerin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin arasında Şençjendə keçirilən sammitdən sonra tərəflər bir il əvvəl Pusanda əldə edilmiş ticarət atəşkəsini uzatmayıblar. Hər iki ölkə bu fasilədən növbəti qarşıdurmaya hazırlaşmaq üçün istifadə edib.
Çin qabaqcıl çiplərin istehsalında ciddi çətinliklərlə üzləşir. Niderlandın ASML şirkəti əsas litoqrafiya avadanlıqlarının tədarükünə nəzarət edir, Çinin SMIC şirkəti isə tələbatı tam ödəyə bilmir. Qiymətləndirmələrə görə, Çin süni intellekt şirkətləri hesablama güclərinin əhəmiyyətli hissəsini Nvidia çipləri ilə təchiz olunmuş xarici məlumat mərkəzləri və ya qeyri-qanuni tədarüklər hesabına əldə edirlər.
Məqalədə qeyd olunur ki, Çin mikroçip idxalına neft idxalından iki dəfədən çox vəsait xərcləyir. ABŞ-nin “Anthropic” şirkətinin avqust ayındakı illikləşdirilmiş müntəzəm gəliri isə Çinin “Moonshot AI” şirkətinin göstəricisindən 65 dəfə çox olub.
Bununla yanaşı, ABŞ də təchizat zəncirindən asılılıq baxımından risklərlə üzləşir. Tayvanın TSMC şirkətinin bazar dəyəri “Saudi Aramco”nu ötüb. Nvidia-nın Vera Rubin serverlərindən birində isə təxminən 1,3 milyon komponent istifadə olunur. Təchizatda ciddi fasilə ABŞ-nin süni intellekt sənayesinə mənfi təsir göstərə bilər.
Pekin artıq bəzi nadir torpaq metallarının və itriumun Yaponiyaya ixracını məhdudlaşdırıb. Bu addım avadanlıq istehsalçıları üçün çatışmazlıq riski yaradıb. Vaşinqton isə Çin texnologiyalarına məhdudiyyətlər və müttəfiqlərlə daha etibarlı təchizat zəncirləri qurmağı nəzərdə tutan “Pax Silica” təşəbbüsü ilə cavab verir.
Millerin fikrincə, ABŞ və Çin bir-birindən texnoloji asılılığı azaltmağa çalışsalar da, eyni zavodlardan, materiallardan və komponentlərdən asılı vəziyyətdə qalırlar. O, süni intellekt texnologiyalarının təchizat zəncirini iki supergüc arasında ən riskli rəqabət meydanlarından biri hesab edir.
10:57 22.11.2026
Oxunuş sayı: 134