1000 illik skeletin kimliyi ilə bağlı iki ehtimal ortaya çıxıb
Böyük Britaniyanın Vestminster abbatlığında aşkarlanan qədim Roma sarkofaqındakı insan skeletinin kimə məxsus olduğu ilə bağlı 150 ildən çox davam edən sirrin açılmasına yaxınlaşılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “ScienceDaily” nəşri məlumat yayıb.
Arxeoloqların yeni araşdırmasına görə, qədim daş tabutda dəfn edilən şəxs orta əsrlərdə Vestminster abbatlığına rəhbərlik etmiş nüfuzlu rahiblərdən biri ola bilər.
Əhəngdaşından hazırlanmış sarkofaq 1869-cu ildə arxeoloji qazıntılar zamanı aşkar edilib. Tabutun üzərində eramızın 300–400-cü illərində Londonda yaşamış varlı britaniyalı Valerius Amandinusun adı yazılıb. Lakin tabutun qapağındakı böyük latın xaçının təxminən X–XI əsrlərə aid olması burada başqa bir şəxsin dəfn edildiyini göstərib.
Vestminster abbatlığının məsləhətçi arxeoloqu professor Uorvik Rodvell yeni araşdırmasında iki mümkün namizədin adını çəkib. Bunlardan biri təxminən 1020-ci ildə vəfat etmiş abbat Alfviq, digəri isə 1049-cu ildə dünyasını dəyişmiş Vulfnotdur.
Skeletin yenidən araşdırılması zamanı onun 35–49 yaşlarında kişiyə məxsus olduğu və boyunun təxminən 175 santimetr olduğu müəyyən edilib.
Ən mühüm nəticələrdən biri radiokarbon analizindən əldə olunub. Tədqiqat insan qalıqlarının 987–1052-ci illər arasına aid olduğunu göstərib. Bu isə skeletin qədim Roma dövründən deyil, orta əsrlərdən qaldığını təsdiqləyir.
Alimlərin ehtimalına görə, dəfn edilən şəxsin taxta tabutu əvvəlcə Roma dövründən qalmış daş sarkofaqın içərisinə yerləşdirilib. Beləliklə, əsrlər əvvəl hazırlanmış daş tabut sonradan nüfuzlu dini şəxsiyyətin dəfni üçün yenidən istifadə olunub.
Maraqlıdır ki, uzun müddət skeletin itkin düşdüyü düşünülsə də, 2016-cı ildə sarkofaq konservasiya məqsədilə daşındıqda onun içərisində demək olar ki, bütöv insan skeleti aşkarlanıb.
Araşdırma hələlik dəfn edilən şəxsin kimliyini qəti şəkildə müəyyənləşdirməyib. Bununla belə, yeni elmi nəticələr iki mümkün namizədin üzərində dayanmağa əsas verib.
Qeyd edək ki, sarkofaq hazırda Vestminster abbatlığının Kraliçanın Brilyant Yubiley qalereyasında nümayiş etdirilir.
08:02 22.11.2026
Oxunuş sayı: 130