Dağıstanda aviasiya bombası zərərsizləşdirilib
Rusiyanın Dağıstan Respublikasının Botlix rayonunda aşkarlanan aviasiya bombası təhlükəsiz əraziyə aparılaraq partladılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Dağıstan Respublikası üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, partlayıcı qurğu yerli sakin tərəfindən Ansalta yaşayış məntəqəsinin yaxınlığındakı dərələrdən birində aşkarlanıb. İlkin ehtimala əsasən, bu, aviasiya bombası olub.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları ərazini mühasirəyə alıb, kənar şəxslərin və yerli sakinlərin ora daxil olmasına məhdudiyyət qoyublar.
Bomba yaşayış məntəqələrindən və kommunal təsərrüfat obyektlərindən təhlükəsiz məsafəyə daşınıb. Daha sonra Rusiya Fövqəladə Hallar Nazirliyinin Don Xilasetmə Mərkəzinin üç nəfərlik heyəti və bir texnikasının iştirakı ilə qurğu Tasuta yaşayış məntəqəsindən bir neçə kilometr aralıda partladılaraq zərərsizləşdirilib.
Qeyd edək ki, 1999-cu ilin avqustunda beynəlxalq silahlı dəstələr Dağıstanın Botlix rayonuna daxil olub. Həmin vaxt yerli özünümüdafiə qüvvələri ilk müqaviməti göstərənlər arasında olub. Silahlı qruplaşmalar Raxata, Ansalta və Tando kəndləri də daxil olmaqla bir neçə yaşayış məntəqəsini ələ keçiriblər.
Döyüşlər 1999-cu il avqustun 24-dək davam edib. Həmin tarixdə federal qoşunlar silahlı dəstələri tutduqları mövqelərdən çıxarıb və onlar Çeçenistan istiqamətində geri çəkiliblər.
18:01 22.11.2026
Oxunuş sayı: 47