Almaniya Avropanın hava hücumundan müdafiədə ABŞ-dən asılı olduğunu etiraf edib
Almaniyanın keçmiş müdafiə naziri Anneqret Kramp-Karrenbauer Avropa ölkələrinin bəzi əsas hərbi sahələrdə, xüsusilə hava hücumundan müdafiə sistemlərində ABŞ-dən asılılığının davam etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, o, bu barədə “Der Spiegel” jurnalına müsahibəsində danışıb.
Keçmiş nazirin sözlərinə görə, Avropa hərbi sahədə əhəmiyyətli irəliləyiş əldə etsə də, bir sıra istiqamətlərdə ABŞ-nin imkanlarına ehtiyac duyur.
Kramp-Karrenbauer hesab edir ki, Avropa öz təhlükəsizliyinin təmin olunmasında daha müstəqil olmalıdır. Bununla belə, onun fikrincə, söhbət ABŞ-ni tamamilə əvəz etməkdən getmir.
Almaniyanın Bundesverə silahlanma məqsədilə ayırdığı milyardlarla avronun nə dərəcədə səmərəli xərclənməsi ilə bağlı suala cavab verən keçmiş nazir büdcənin idarə olunmasında risklərin olduğunu vurğulayıb.
O bildirib ki, az maliyyə ilə işləmək çətin olsa da, böyük vəsaitlərin düzgün idarə olunması da asan deyil. Xərclərə nəzarət zəif olduqda, nəticədə daha yüksək qiymətlər ödəmək riski yaranır.
Qeyd edək ki, Anneqret Kramp-Karrenbauer 2019–2021-ci illərdə Almaniyanın müdafiə naziri vəzifəsində çalışıb.
17:04 22.11.2026
Oxunuş sayı: 45