ABŞ həbsxanasında ağır şərait iddiası: azərbaycanlıların adları çəkildi
ABŞ-nin Corciya ştatında yerləşən ICE-nin “Folkston D. Ray James” miqrasiya təcridxanasında saxlanılan şəxslər ağır şəraitdən şikayətlənərək aclıq aksiyası keçirəcəklərini bildiriblər.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hesabatda təcridxanadakı saxlanma şəraiti ilə bağlı ciddi iddialar yer alıb.
Məlumata görə, əvvəllər federal həbsxana kimi istifadə olunan müəssisə ICE-nin istifadəsinə verildikdən sonra rejim sərtləşdirilib. Saxlanılan şəxslərin sözlərinə görə, hasarlara əlavə tikanlı məftillər çəkilib, beton keçidlərdə xüsusi xətlər çəkilib və həmin xətləri keçməyə icazə verilmir.
İddialara görə, gəzinti zamanı saxlanılan şəxslər yalnız bir-birinin arxasınca hərəkət etməli və danışmamalıdırlar. Onların silahlı mühafizəçilərin nəzarəti altında saxlanıldığı bildirilir.
Hesabatda gigiyena vasitələrinin ötürülməsinə də icazə verilmədiyi qeyd olunur. Saxlanılan şəxslərin diş və görmə problemlərindən əziyyət çəkdiyi, kameralardakı zəif işıqlandırmanın isə görmə ilə bağlı çətinlikləri artırdığı bildirilir.
Məlumata görə, gündəlik rejimdə yuxu üçün cəmi beş saat vaxt ayrılır. Bu müddətdə sakitliyin təmin olunmadığı və qulaq tıxaclarından istifadəyə icazə verilmədiyi iddia edilir.
Hesabat müəllifləri yeməkxanada baş verdiyi bildirilən insidentdən də bəhs ediblər. Onların sözlərinə görə, əməkdaşlardan birinin qaz silahından təsadüfən atəş açmasından sonra 200 nəfər yeməkxanadan təxliyə edilib. İddia olunur ki, həmin mühafizəçi növbəti gün yenidən silahla xidmətə çıxıb.
Saxlanılan şəxslərin xarici aləmlə əlaqələrinin də məhdudlaşdırıldığı bildirilir. Məktubların onlara çatmadığı, müraciətlərin cavabsız qaldığı, elektron poçtdan istifadənin mümkün olmadığı və telefon danışıqlarının məhdudlaşdırıldığı qeyd olunur.
Hesabatda bəzi əməkdaşların saxlanılan şəxslərə təhqiramiz ifadələr işlətdiyi də iddia edilir.
Müəssisədə saxlanılanlar arasında Azərbaycan soyadlı şəxslərin də olduğu bildirilir. Onların arasında İdris Mahmudov və Abdulla Mahmudovun adları çəkilir. Məlumata görə, hər iki şəxs 26 aydır həbsdə saxlanılır.
Qeyd edək ki, təqdim olunan məlumatlarda səsləndirilən iddiaların ABŞ-ın aidiyyəti qurumları tərəfindən təsdiqlənib-təsdiqlənmədiyi göstərilmir.
12:29 07.10.2026
Oxunuş sayı: 158