Tramp: Açıq sərhədlər ölkələri məhv edir
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, həddindən artıq yumşaq miqrasiya siyasəti dövlətlərin mövcudluğu üçün təhlükə yarada bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ lideri özünün “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.
“Açıq sərhədlər ölkələri məhv edir! Mən hakimiyyətə gələnə qədər ABŞ da belə ölkələrdən birinə çevrilməyə çox yaxın idi”, – deyə Tramp yazıb.
ABŞ Prezidenti daha əvvəl də miqrasiya siyasətinin yumşaq olmasına görə bir sıra ölkələri, o cümlədən Avropadakı müttəfiqlərini dəfələrlə tənqid edib.
Tramp ABŞ-də immiqrasiya qaydalarının sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirib və bu istiqamətdə bir sıra addımlar atıb. O, prezident kimi andiçmə mərasimindən dərhal sonra ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət rejiminin tətbiqi barədə sərəncam imzalayıb.
ABŞ lideri ölkə tarixində qeyri-qanuni miqrantların ən genişmiqyaslı deportasiya əməliyyatını həyata keçirmək niyyətində olduğunu da açıqlayıb.
Trampın siyasi rəqibləri isə administrasiyanı qeyri-qanuni miqrasiya ilə mübarizədə həddindən artıq sərt tədbirlər görməkdə və səlahiyyət həddini aşmaqda ittiham ediblər.
18:34 22.11.2026
Oxunuş sayı: 48