Avropa İttifaqı İran və İsrail məsələsində niyə ikili standart tətbiq edir?
Avropa İttifaqı Yaxın Şərqdə artan geosiyasi gərginlik və Hörmüz boğazında təhlükəsizlik risklərinin fonunda regiondakı rolunu genişləndirməyə hazırlaşır.
Brüsseldə keçirilən Aİ Xarici İşlər Şurasının iclası öncəsi açıqlama verən Aİ diplomatiyasının rəhbəri Kaya Kallas bildirib ki, birlik Qırmızı dənizdə həyata keçirilən “Aspides” hərbi-dəniz əməliyyatının mandatının dəyişdirilməsi və onun fəaliyyət zonasının Fars körfəzinə qədər genişləndirilməsi imkanlarını nəzərdən keçirir.
Kallasın sözlərinə görə, əsas məqsəd regionda gəmiçiliyin təhlükəsizliyini təmin etmək, xüsusilə də, Hörmüz boğazında naviqasiya azadlığını qorumaqdır.
O qeyd edib ki, Aİ İranla bağlı yalnız nüvə proqramı deyil, həm də raket proqramı, proksi qüvvələr və Avropaya qarşı həyata keçirilən hibrid və kibertəhdidlər səbəbindən ciddi narahatlıq keçirir və bu məsələlərin diplomatik yollarla həllinə çalışır.
Məsələ ilə bağlı politoloq Aydın Quliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Avropa Birliyinin komissarının İrana və israilli mühacirlərə qarşı sanksiyalarla bağlı mövqeyi bir daha göstərir ki, Avropa Birliyinin Yaxın Şərq böhranına münasibətdə hələ də tarazlı və balanslı yanaşması formalaşmayıb.
Bir tərəfdən İsrailin təcavüzkar addımlarına və siyasətinə qarşı lazımi səviyyədə prinsipial mövqe ortaya qoyulmur, digər tərəfdən isə İrana münasibətdə daha sərt və qərəzli yanaşma nümayiş etdirilir.
Əgər əsas məqsəd Yaxın Şərqdə sülh mühitinin bərpası və uzunmüddətli sabitliyin təmin edilməsi olsaydı, komissarın yanaşması tamamilə fərqli olardı.
Problem ondadır ki, Avropa Birliyinin bəzi rəsmiləri, o cümlədən Kallas, problemin mahiyyətini və səbəblərini aradan qaldırmaqdan daha çox onun nəticələri və görüntüləri üzərində siyasət qurmağa çalışırlar.
İran müəyyən xarici siyasət məsələlərində mübahisəli mövqe sərgiləsə də, bu, onun suverenlik hüquqlarının pozulmasına haqq qazandırmır.
Bu gün İranın beynəlxalq hüquqla qorunan suverenliyi İsrail tərəfindən kobud şəkildə pozulur. Təəssüf ki, Avropa Birliyi isə beynəlxalq hüququn tələb etdiyi səviyyədə buna adekvat reaksiya vermir və İsrailin addımlarına qarşı lazımi siyasi mövqe nümayiş etdirmir.
Nəticədə İrana qarşı daha sərt və qərəzli münasibət formalaşır, İsrailin hərbi və siyasi addımlarına isə kifayət qədər prinsipial qiymət verilmir.
Bu səbəbdən də Avropa Birliyi bir tərəfdən İrana qarşı sanksiyalar tətbiq edir, digər tərəfdən isə israilli mühacirlərə qarşı müəyyən məhdudiyyətlər qoymaqla öz daxilində süni balans yaratmağa çalışır.
Lakin bu yanaşma olduqca primitiv və qeyri-effektiv görünür. Belə siyasət Yaxın Şərqdə vəziyyətin dəyişməsinə, bölgədə real və davamlı sülhün formalaşmasına ciddi töhfə verə bilməz".
Elmir Heydərli
14:40 12.05.2026
Oxunuş sayı: 54