Moskva niyə yenidən “3+3” formatını gündəmə gətirir?
Cənubi Qafqazda regional əməkdaşlığın təşviqi məqsədilə yaradılmış “3+3” platformasının gələcəyi yenidən beynəlxalq gündəmin diqqət mərkəzinə gəlib.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mixail Kaluqin bildirib ki, Moskva bu format çərçivəsində əlaqələrin davam etdirilməsində maraqlıdır və platformanın tam fəaliyyətinin qısa zamanda bərpa olunacağına ümid edir.
Kaluqinin sözlərinə görə, Azərbaycan, Ermənistan və Gürcüstanın Rusiya, Türkiyə və İranla birlikdə təmsil olunduğu “3+3” mexanizmi regional məsuliyyət prinsipinə əsaslanır və xarici təsirlərdən kənar əməkdaşlıq modeli kimi qiymətləndirilir.
Diplomat vurğulayıb ki, platforma regionda təhlükəsizlik, iqtisadi inkişaf və davamlı sülhün təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Məsələ ilə bağlı politoloq Natiq Miri Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Maraqlı məqam ondan ibarətdir ki, bu təşəbbüsün müəllifləri məhz Azərbaycan və Türkiyə olub. Həmin təşəbbüs regionda ciddi hərbi-siyasi qarşıdurmanın hökm sürdüyü bir dövrdə irəli sürülmüşdü. Söhbət 2020-ci ilin 44 günlük Vətən müharibəsindən və Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi uğrunda apardığı mübarizədən gedirdi.
Eyni zamanda, bu müharibənin genişlənərək regional miqyaslı təhlükəyə çevrilməsi riski də mövcud idi.
Belə bir şəraitdə əsas ideya ondan ibarət idi ki, regiondakı problemlər kənar güclərin müdaxiləsi olmadan, məhz region ölkələrinin özləri tərəfindən həll edilsin. O dövrdə isə Rusiya Azərbaycan-Ermənistan münasibətlərində dominant qüvvə və əsas vasitəçi kimi çıxış edirdi.
Bununla yanaşı, Rusiyanın hərbi qüvvələri Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilmişdi. 2020-ci il 10 noyabr bəyanatından dərhal sonra Rusiyanın sürətlə bölgəyə daxil olması Moskvanın bu prosesdə nə qədər maraqlı olduğunu açıq şəkildə göstərirdi.
Həmin dövrdə “3+3” formatı münaqişənin siyasi və ədalətli həlli, işğal faktorunun aradan qaldırılması və Ermənistan silahlı qüvvələrinin Qarabağdan tam çıxarılması kontekstində gündəmə gətirilmişdi.
Lakin Rusiya hesab edirdi ki, regionda bütün proseslər yenə də onun nəzarətində qalacaq və Qarabağda uzunmüddətli hərbi mövcudluğunu qoruyub saxlaya biləcək.
Ancaq sonrakı hadisələr göstərdi ki, vəziyyət Moskvanın düşündüyü kimi inkişaf etmədi. Bu gün artıq regiondakı status-kvo dəyişib. Rusiyanın dominant təsir imkanları əvvəlki səviyyədə deyil. Türkiyə ilə yanaşı, ABŞ da regionda, xüsusilə “Tramp marşrutu” adlandırılan geosiyasi xətt çərçivəsində təsir imkanlarını genişləndirməyə çalışır. Vaşinqton Ermənistanla münasibətlərini dərinləşdirir və bölgədə daha fəal iştirak edir.
Digər tərəfdən, Avropa İttifaqı da Cənubi Qafqazda mövqelərini gücləndirmək niyyətini açıq şəkildə nümayiş etdirir.
Xüsusilə, Orta Dəhliz layihəsinin inkişafı istiqamətində həm Azərbaycan və Ermənistanla, həm də Orta Asiya ölkələri ilə intensiv danışıqlar aparılır. Avropa Birliyi bu layihələrə gələcəkdə konkret investisiya dəstəyi verməyə hazır olduğunu da bəyan edir.
Belə bir şəraitdə Rusiyanın yenidən “3+3” formatını gündəmə gətirməsi təsadüfi deyil. Moskva bu platforma vasitəsilə regionda itirməkdə olduğu təsir imkanlarını bərpa etməyə çalışır.
Çünki “3+3” formatının əsas fəlsəfəsi regional problemlərin məhz yerli güclər tərəfindən həll olunmasını nəzərdə tutur və bu yanaşma qeyri-regional aktorların təsir imkanlarını müəyyən qədər məhdudlaşdırır.
Məhz Rusiyanın əsas narahatlığı da bundan qaynaqlanır. İranın zəiflədiyi, Yaxın Şərqdəki gərginliklərlə məşğul olduğu, Rusiyanın isə Ukrayna müharibəsində ciddi resurs itkisi yaşadığı bir vaxtda Moskva Cənubi Qafqazda təsir imkanlarını tamamilə itirmək təhlükəsi ilə üz-üzədir.
Buna görə də Kreml yenidən “3+3” təşəbbüsünü fəal şəkildə gündəmə çıxarmağa çalışır".
Elmir Heydərli
16:02 12.05.2026
Oxunuş sayı: 65