Zelenskinin son bəyanatları Rusiya üçün olduqca təhlükəli bir situasiya yaradıb- Politoloq
9 May – Faşizm üzərində Qələbə Günü ilə bağlı bu il keçiriləcək tədbirlər əvvəlki illərlə müqayisədə daha çox diqqət cəlb edir. Bu tarix hər il bir sıra ölkələrdə müxtəlif səviyyələrdə qeyd olunur və hərbi paradlarla müşayiət edilir. Lakin son məlumatlara görə, bu il bəzi dövlətlərin ənənəvi Qələbə paradında iştirak etməyəcəyi bildirilir. Xüsusilə MDB məkanında yerləşən bir sıra ölkələrin tədbirə qatılmamaq qərarı diqqət çəkir. Bu isə paradda iştirakçıların sayının azalması ilə bağlı müzakirələrə səbəb olub. Məsələ ilə bağlı müxtəlif siyasi dairələrdə fərqli yanaşmalar səsləndirilir.
Qeyd edək ki, paradda iştirak edəcək ölkələr bunlardır: Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Braziliya, Burkina-Faso, Venesuela, Vyetnam, Qvineya-Bisau, Misir, Zimbabve, Çin, Konqo, Kuba, Laos, Monqolustan, Myanma, Fələstin, Serbiya, Slovakiya, Efiopiya və sair. Şimali Koreya isə tədbirdə səfir səviyyəsində təmsil olunacaq.

Bu barədə Crossmedia.az-a danışan politoloq Elçin Xalidbəyli paradın Rusiyanın həm MDB məkanında, həm də qlobal məkanda istifadə etdiyi əsas güc nümayişi alətlərindən biri olduğunu deyib: "Kreml bu tarixdən Rusiyanın qlobal gücünün ifadə olunmasında bir simvol kimi istifadə edir. Xüsusilə də son illərdə Vladimir Putin hakimiyyəti həm MDB məkanından, həm də Rusiya ilə strateji-müttəfiqlik münasibətləri olan bəzi ölkələrdən yüksək rütbəli təmsilçiləri qəbul etməklə qələbə paradını bütün dünyaya mesaj vasitəsinə çevirməyə çalışır. Ancaq son illərdə bu mexanizm Rusiyanın əlindən çıxmağa başlayıb. Çünki bəzi dövlətlər, xüsusilə də MDB məkanında olan dövlətlər Kremlin 9 may qələbə paradı ilə bağlı dəvətlərinə pozitiv cavab verməkdən yayınmağa çalışırlar. Yəni bu tədbirin iştirakçılarının sırası seyrəlməkdədir. Bu il keçiriləcək paradda MDB dövlətlərinin böyük əksəriyyəti iştirak etməyəcək. Xüsusilə də 2018-ci ildən bəri Orta Asiya ölkələrinin heç birinin lideri qələbə paradına qatılmaq niyyətində olmadıqlarını bildiriblər. Eyni zamanda bəzi strateji müttəfiqlər də Rusiyanın bu dəvətinə soyuq yanaşırlar, çünki real təhlükə olduğunu düşünürlər. Xüsusilə də Ukrayna prezidenti Volodimir Zelenskinin son bəyanatları Rusiya üçün olduqca təhlükəli bir situasiya yaradıb, çünki prezident qələbə paradını hədəfə alacağına açıq və dolayısı eyhamlar vurur. Bu da Kreml üçün gərginliyi ciddi şəkildə artırmış olur. Hazırda Kreml bu problemin həlli üçün əlindən gələni edir. Hətta Rusiya Müdafiə Nazirliyi iki günlük atəşkəs belə elan edib, halbuki vaxtilə rəsmi Kiyev atəşkəs üçün müraciət edəndə Kreml buna qəti şəkildə etiraz etmişdi. İndi isə Rusiya özü atəşkəs təklif edir. Böyük ehtimalla bu dəfəki 9 may paradı əvvəlki illərlə müqayisədə daha sönük bir atmosferdə keçə bilər və bu da Rusiyanı ciddi şəkildə narahat edir.
Lakin ümumi götürdükdə Kreml 9 may faşizm üzərində qələbəni yalnız Rusiyanın dünya qarşısındakı xidmətləri sırasına yazmasının özü da çox absurd və məntiqsiz bir yanaşmadır. Çünki faşizm üzərində qələbə yalnız Rusiya tərəfindən qazanılmayıb, bu keçmiş SSRİ-nin hərbi qələbələri sırasına daxildir. SSRİ-nin tərkibində isə yalnız Rusiya olmayıb. Nəzərə almaq lazımdır ki, 15 respublikadan biri Rusiya idi və digər 14 respublikanın xidmətlərini və verdiyi töhfələri nəzərə almadan bunu yalnız Rusiyanın faşizm üzərindəki qələbəsi kimi təqdim etmək ədalətsiz və absurd yanaşmadır".
Politoloq vurğulayıb ki, Bakı nefti olmasaydı, indi bəlkə də, Rusiyanın özü də olmazdı: "Faşizm üzərindəki qələbədə rol oynayan əsas faktorların sırasında ön planda məhz Bakı nefti yer alır. Digər tərəfdən, Rusiya ilə yanaşı digər 14 respublika Sovet ordusuna 100 minlərlə əsgər göndərib . Bu Rusiya ordusu deyildi. Bu 15 respublikanı birləşdirən ümumi ordu idi. Amma Rusiya bütün bunları öz adına yazmaq vərdişlərini bu dəfə də nümayiş etdirir. Bu da imperiya təfəkkürünün təzahüründən başqa bir şey deyil. Üstəlik faşizm üzərindəki qələbə yalnız keçmiş SSRİ sayəsində olmamışdı. Düzdür, SSRİ bu qələbədə əsas rolda çıxış etmişdi, ancaq ABŞ, Böyük Britaniya və digər Qərb ölkələrinin də faşizmlə mübarizə apardığı inkar olunmaz bir reallıqdır. Faşist Almaniyasının işğal etdiyi Avropa ölkələrinin əhalisinin faşizmə qarşı müqavimət hərəkatları da bu qələbədə böyük rol oynamışdı. Kreml tərəfindən bu qələbənin yalnız Rusiyanın adına yazılması olduqca absurd və məntiqsiz yanaşmadır. Rusiya bununla öz qlobal nüfuzunu nümayiş etdirməyə çalışır və eyni zamanda böyük bir güc olduğunu iddia edərək həm strateji müttəfiqlərini, həm də keçmiş MDB ölkələrini, yəni postsovet ölkələrini Rusiyanın təsir dairəsindən uzaqlaşmamasına çalışır. Bu isə müvəqqəti bir prosesdir və son vaxtlar Rusiya ciddi şəkildə zəifləyib və getdikcə öz təsir dairəsinin daraldığını hiss edir".
E.Xalidbəyli hesab edir ki, yaxın gələcəkdə Rusiyanın daha fərqli istiqamətlər üzrə reallığı qəbul etməsi qaçılmaz xarakter daşıyacaq.
Fatimə
20:00 08.05.2026
Oxunuş sayı: 43