Yaxın Şərqdə sülh niyə mümkün görünmür?
İsrailin Baş naziri Benyamin Netanyahunun “İranla müharibə hələ bitməyib” açıqlaması Yaxın Şərqdə gərginliyin hələ də yüksək səviyyədə qaldığını göstərir.
Bölgədə qarşıdurmanı uzadan əsas səbəblər sırasında tərəflər arasında dərin siyasi və ideoloji ziddiyyətlər, qarşılıqlı etimadsızlıq, İranın nüvə proqramı ətrafında yaranan narahatlıqlar və regional təsir uğrunda mübarizə xüsusi yer tutur.
Eyni zamanda, tərəflərin bir-birini legitim siyasi tərəf kimi qəbul etməməsi də sülh prosesini çətinləşdirən əsas amillərdən hesab olunur.
Mövcud şəraitdə diplomatik təmasların məhdud olması və qarşılıqlı sərt bəyanatlar regionda sabitliyin əldə olunmasını daha da mürəkkəbləşdirir.
Bu baxımdan, yaxın perspektivdə tammiqyaslı və davamlı sülhün əldə olunacağı ilə bağlı proqnozlar hələ də ehtiyatlı qiymətləndirilir.
Bununla belə, beynəlxalq vasitəçilərin mümkün diplomatik təşəbbüsləri və tərəflər arasında dialoq imkanlarının genişlənməsi gələcəkdə gərginliyin müəyyən qədər azalmasına şərait yarada bilər.
Mövzu ilə bağlı politoloq Vaqif Hüseyn Crossmedia.az-a açıqlama verib:

“Müharibəni başladan səbəb nədirsə, onu uzadan əsas amil də məhz həmin səbəbin aradan qalxmamasıdır. Yəni problemin kökü həll olunmadıqca, müharibələrin tam şəkildə bitəcəyini söyləmək çətindir. Müharibələrin sona çatması üçün isə sülh lazımdır və sülh də əslində həmin müharibənin bitdiyini təsdiqləyən siyasi və hüquqi sənəd rolunu oynayır.
Hazırda isə ortada real sülh mühiti yoxdur. Çünki tərəflər bir-birilərini legitim tərəf kimi qəbul etmirlər. İran İsraili tanımır, İsrail də İranın mövcud rejimini qəbul etmir.
Eyni zamanda, ABŞ da İran hakimiyyətinə münasibətdə oxşar mövqe sərgiləyir. Bu səbəbdən tərəflər arasında birbaşa və legitim münasibətlər mövcud deyil, əlaqələr yalnız müəyyən danışıqlar platformaları çərçivəsində həyata keçirilir”.
Politoloq əlavə edib ki, əslində ilk növbədə tərəflərin bir-birilərini ən azından siyasi tərəf kimi qəbul etməsi lazımdır:
“Yalnız bundan sonra hansısa sülh sənədinin və ya razılaşmanın imzalanması ehtimalından danışmaq mümkündür. Çünki gələcəkdə hər hansı sənəd imzalansa belə, orada həm İsrailin, həm də İranın imzası olmalıdır.
Amma hazırkı şəraitdə hələ də açıq qalan suallar var: İran İsrailin həmin sənəddə tərəf kimi iştirakını qəbul edəcəkmi? Yaxud ABŞ hazırkı İran rejimi ilə eyni sənəd altında imza atmağa hazır olacaqmı?
Bu səbəbdən müharibənin mahiyyəti yalnız Hörmüz boğazı və ya digər regional məsələlərlə məhdudlaşmır. Əsas problem tərəflərin bir-birini qəbul etməməsi, siyasi və ideoloji qarşıdurmanın davam etməsidir.
Əgər gələcəkdə bu fundamental səbəblər aradan qalxarsa, o zaman sülh sazişinin imzalanması və münaqişənin bitməsi ehtimalı daha real görünə bilər”.
Ayhan
16:45 11.05.2026
Oxunuş sayı: 60