Azərbaycan-BP əməkdaşlığı iqtisadiyyata necə təsir edir?
Prezident İlham Əliyev BP-nin icraçı direktorunu qəbul edərkən bildirib ki, Azərbaycan ilə BP arasında artıq 30 ildən çoxdur davam edən etibarlı və strateji tərəfdaşlıq münasibətləri formalaşıb.
Dövlət başçısının sözlərinə görə, bu müddət ərzində həyata keçirilən layihələrdən əldə olunan gəlirlər əsasən Azərbaycanın sosial-iqtisadi inkişafına yönləndirilib, ölkənin infrastrukturunun yenilənməsi, yeni iş yerlərinin açılması və iqtisadi potensialının gücləndirilməsi baxımından mühüm rol oynayıb.
Prezident İlham Əliyev Azərbaycan ilə BP arasında icra olunan layihələrin sayının getdikcə artdığını da diqqətə çatdıraraq bildirib ki, bu əməkdaşlıq hər iki tərəf üçün qarşılıqlı fayda verir və strateji xarakter daşıyır. Maraqlıdır Azərbaycan ilə BP arasındakı əməkdaşlıq qarşıdakı dövrdə hansı sahələrin inkişafına xüsusi töhfə verə bilər?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Crossmedia.az-a açıqlama verib:

“Azərbaycan ilə BP şirkəti arasında uzunmüddətli və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq münasibətləri formalaşıb. Nəzərə alsaq ki, BP Azərbaycanın enerji sektorunda əsas operator şirkətlərdən biridir, bu əməkdaşlıq ölkənin enerji strategiyasında mühüm rol oynayır.
Bu əməkdaşlıq bir tərəfdən Azərbaycanın enerji sektoruna daha çox sərmayənin cəlb edilməsinə şərait yaradıb, digər tərəfdən isə yeni texnologiyaların və innovativ yanaşmaların tətbiqinə imkan verib. Xüsusilə də, “Əsrin müqaviləsi” çərçivəsində BP aparıcı şirkət kimi Azərbaycanın iqtisadiyyatına böyük həcmdə xarici investisiyaların cəlb olunmasında mühüm rol oynayıb”.
Deputat əlavə edib ki, ötən dövr ərzində Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələrin həcminin əhəmiyyətli dərəcədə artdığını müşahidə etmişik:
“Bu investisiyalar yalnız neft sektorunu əhatə etməyib, eyni zamanda, qeyri-neft sektoruna da digər xarici şirkətlərin marağını artırıb. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 300 milyard dollardan artıq sərmayənin cəlb olunması da bunu bir daha təsdiqləyir.
Bütün bunlar göstərir ki, enerji sektorunda başlanmış əməkdaşlıq zamanla qeyri-neft sektorunda da yeni tərəfdaşlıqların formalaşmasına və Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına zəmin yaradıb.
Bu baxımdan, Azərbaycanın enerji strategiyası təkcə neft və qaz sektorunun inkişafına deyil, ümumilikdə ölkə iqtisadiyyatının dayanıqlı və inklüziv inkişafının təmin edilməsinə xidmət edir. Azərbaycanın növbəti dövrlərdə də BP ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək niyyətində olduğu aydın şəkildə görünür”.
Ayhan
17:03 12.05.2026
Oxunuş sayı: 50