Ermənistan, Yunanıstan və Kipr nəyə hazırlaşır? - Təhlil
Ermənistan, Yunanıstan və Kipr arasında müdafiə sahəsində əməkdaşlıq genişlənməkdə davam edir. Məlumata əsasən, tərəflər bu istiqamətdə bir il müddətini əhatə edən yeni əməkdaşlıq proqramları imzalayıblar. Sənədlər Kiprdə keçirilən ikitərəfli və üçtərəfli müdafiə məsləhətləşmələrinin yekununda rəsmiləşdirilib. Görüşlərdə mövcud əməkdaşlığın vəziyyəti, gələcək addımlar və regional təhlükəsizlik məsələləri müzakirə olunub. Qeyd edək ki, tərəflər son illərdə əməkdaşlığın inkişaf dinamikasını müsbət qiymətləndiriblər.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verib.
Onun fikrincə, Ermənistanın Yunanıstan-Kipr ilə müdafiə aktı imzalaması, Qərbə inteqrasiyasının tərkib hissəsidir: " Xüsusilə Yunanıstanla Kipr Avropa İttifaqının və NATO-nun üzvüdür və görürük ki, təhlükəsizlik və hərbi müstəvidə müqavilələr bağlanır. Bu, Ermənistanın Rusiya orbitindən uzaqlaşması, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) da de-yure çıxması üçün bir mərhələ kimi dəyərləndirilə bilər. Bu gün Ermənistan KTMT-də fəaliyyətini de-fakto dayandırıb".
O, hesab edir ki, iyundan keçiriləcək parlement seçkilərinin nəticəsində Ermənistan baş naziri Nikol Paşinyan hakimiyyətdə qalarsa, ölkə KTMT-dən du-yure çıxacaq və rəsmi İrəvanın Aİ və NATO-ya inteqrasiyası sürətlənəcək:n "Ola bilər, Yunanıstan bu müstəvidə düşünsün ki, Cənubi Qafqazda Türkiyə müəyyən siyasət ortaya qoya bilər, amma artıq reallıqlar başqadır. Belə ki, geosiyasi mövqe Türkiyə və Azərbaycan üçün fərqlidir. Artıq Ermənistan da bilir ki, regionda düşmənçilik siyasəti, üçüncü qüvvələri regiona gətirmək və region ölkələrinə qarşı düşmənçilik aparmaq mümkün olmayacaq. Hazırda Ermənistanın strateji siyasəti Qərbə yaxınlaşmaq və Rusiyadan uzaqlaşmaqdır".
Fatimə Məmmədova
18:24 25.04.2026
Oxunuş sayı: 59