Dövlət-vətəndaş münasibətləri keyfiyyətcə yeni mərhələyə keçdi- Professor
Qazaxıstanda 15 mart 2026-cı il tarixində ümumxalq referendum keçirilib. Səsvermədə vətəndaşlar ölkədə mühüm qərarların qəbuluna münasibətlərini bildirmək imkanı əldə ediblər. Qeyd edək ki, referendumun əsas məqsədi dövlət idarəçiliyində iştirakın və ictimai rəylərin nəzərə alınmasıdır. Nəticələr vətəndaşların aktiv iştirak səviyyəsini və ölkədə demokratik proseslərin davam etdiyini göstərir.
Bu barədə Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universitetinin Hüquq fakültəsinin professoru, hüquq elmləri doktoru Kuat Raximberdin Crossmedia.az-a açıqlama verib:

“Referendumun nəticələri Qazaxıstan cəmiyyətində hüquqi və siyasi yenilənmə prosesinə güclü ictimai dəstəyin formalaşdığını aydın şəkildə göstərir. Vətəndaşların yüksək fəallıq nümayiş etdirməsi onu göstərir ki, ölkənin gələcəyi ilə bağlı mühüm qərarların qəbulunda ictimai iştirak mədəniyyəti daha da möhkəmlənir. Bu, yalnız hüquqi baxımdan deyil, həm də dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidi baxımından mühüm göstəricidir. Referendumun nəticələrini mən Qazaxıstanda sabitliyin, ictimai həmrəyliyin və institusional inkişafın güclənməsi kimi qiymətləndirirəm. Belə bir geniş dəstək ölkədə islahatlara ictimai etimadın mövcud olduğunu, hüquqi dövlətçilik prinsiplərinin daha da dərinləşməsi üçün möhkəm sosial zəmin yarandığını göstərir. Xüsusilə vacib olan məqam budur ki, vətəndaşlar öz mövqelərini fəal şəkildə ifadə etməklə dövlət idarəçiliyində iştirak iradəsini ortaya qoydular.
Bu nəticələr Qazaxıstanın gələcək inkişafı üçün müsbət ictimai-siyasi atmosfer formalaşdırır. Onlar hüquqi şüurun yüksəlməsi, vətəndaş məsuliyyətinin artması və cəmiyyətin ümumi modernləşmə hədəfləri ətrafında birləşməsi baxımından olduqca əhəmiyyətlidir. Referendum xalqın dövlətin strateji istiqamətlərinə münasibətini açıq şəkildə ifadə etdiyi mühüm demokratik mexanizm kimi öz əhəmiyyətini bir daha təsdiqlədi".
Professor hesab edir ki, əldə olunan nəticələr Qazaxıstanın hüquqi, siyasi və institusional baxımdan daha da güclənəcəyinə dair inamı artırır:
"Bu, həm ölkə daxilində ictimai həmrəyliyin möhkəmlənməsinə, həm də Qazaxıstanın beynəlxalq aləmdə etibarlı və sabit tərəfdaş kimi mövqeyinin güclənməsinə xidmət edən mühüm bir göstəricidir”.
Fatimə
15:52 27.03.2026
Oxunuş sayı: 78