Təltif olunan jurnalistlər danışdı -SORĞU
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinin qeyd olunması ölkədə söz azadlığına, peşəkar jurnalistikaya və mətbuat ənənələrinə verilən yüksək dəyərin bariz nümunəsidir. Bu əlamətdar yubiley münasibətilə media sahəsində uzun illər səmərəli fəaliyyət göstərmiş, milli mətbuatın inkişafına töhfə vermiş bir qrup jurnalistin dövlət tərəfindən təltif olunması jurnalist əməyinə göstərilən diqqət və ehtiramın ifadəsidir.
Crossmedia.az olaraq “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif edilən media nümayəndələri ilə əlaqə saxlayıb, fikirlərii öyrəndik.

Azərbaycan Jurnalistlər Birliyinin sədri, əməkdar jurnalist Elçin Şıxlı:
“Mətbuatımızın 150 illik yubiley ili idi. Bizim bir sıra jurnalistlərimiz, o cümlədən mən bu medala layiq görülmüşük. Təbii ki, hamı kimi mən də sevinirəm. Çünki 150 illik bir dəfə olur”.

REAL Təhlil İnformasiya Mərkəzinin baş direktoru, əməkdar jurnalist Mirşahin Ağayev:
“"Azərbaycan milli mətbuatının 150 illiyi" medalı Azərbaycan mediasının tarixini özündə əks etdirən medaldır. Yubiley medalıdır. Cənab prezidentin təsis etdiyi bu medal münasibətilə Media Agentliyi kimi təltif edibsə, onların hər birini ürəkdən təbrik edirəm”.

BDU-nun Jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu:
“"Azərbaycan milli mətbuatının 150 illiyi" yubiley medalı mənim üçün sadəcə bir təltif deyil. Bu medal sözə, həqiqətə və məsuliyyətə xidmət edən yolun simvoludur. Qələm tutmağın məsuliyyətini, cəmiyyət qarşısında daşıdığın vicdan yükünü xatırladan bir nişandır. Bu etimad illərin zəhmətinə verilən qiymət olmaqla yanaşı, gələcək üçün daha böyük öhdəlikdir. Azərbaycan mətbuatının şərəfli tarixinin bir parçası olmaq olduqca qürurludur”.
Crossmedia.az Analitik İnformasiya Portalının Baş redaktoru Mübariz Göyüşlü:
“Sevindirici haldır ki, mən də “Azərbaycan milli mətbuatının 150 illiyi” medalı ilə təltif edildim. Bu mükafat təkcə fərdi fəaliyyətin qiymətləndirilməsi deyil, eyni zamanda jurnalist adına, sözə və cəmiyyət qarşısında daşıdığımız missiyaya verilən yüksək dəyərin ifadəsidir. Belə bir medala layiq görülmək insana qürur hissi ilə yanaşı, ciddi mənəvi məsuliyyət də yükləyir. Çünki bu təltif milli mətbuatın zəngin ənənələrinə sadiq qalmağı, peşə etikası və obyektivlik prinsiplərini daim qorumağı, sözün gücündən yalnız həqiqət və ictimai maraqlar naminə istifadə etməyi tələb edir”.

ARB24-ün aparıcısı Jalə Həsənli:
"“Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif olunmağımı böyük qürur və məsuliyyət hissi ilə qarşıladım. Bu mükafat təkcə fərdi əməyin deyil, bütövlükdə Azərbaycan jurnalistikasının keçdiyi şərəfli yolun, cəmiyyət qarşısında daşıdığı missiyanın yüksək dövlət qiymətləndirilməsidir. Cənab Prezident İlham Əliyevin milli mətbuata, söz azadlığına və peşəkar jurnalistikaya verdiyi strateji önəm bu sahənin institusional inkişafında həlledici rol oynayır. Medianın çağdaş çağırışlara uyğunlaşdırılması, informasiya təhlükəsizliyinin təmin edilməsi və milli maraqların qorunması baxımından həyata keçirilən islahatlar jurnalistikanın dövlətçilik təfəkkürü ilə vəhdətdə inkişafına xidmət edir. Bu yubiley medalı da məhz həmin konseptual yanaşmanın rəmzidir".
07:09 24.12.2025
Oxunuş sayı: 5387