Gürcüstanın Rusiyayönümlü siyasəti Avropa Komissiyasının sanksiya planlarını gündəmə gətirir - Açıqlama

Avropa Komissiyası Gürcüstana qarşı sanksiyalar tətbiq etmə ehtimalını nəzərdən keçirir. Bunun əsas səbəbi Gürcüstan hökumətinin QHT-lər, kütləvi informasiya vasitələri və insan hüquqları ilə bağlı qəbul etdiyi qanunlar, eləcə də Rusiya ilə yaxınlaşan siyasi kursudur. Avropa Komissiyası hesab edir ki, bu siyasət ölkənin demokratik institutlarını zəiflədir, Avropa dəyərlərinə ziddir və Gürcüstanın Qərblə inteqrasiya perspektivini təhlükəyə atır. Gürcüstan hökuməti isə öz siyasətini müstəqil hesab edir və geri çəkilmək niyyətində olmadığını bildirir, lakin ekspertlər bu addımları Rusiyanın maraqları ilə əlaqələndirirlər. Bu vəziyyət Avropa Komissiyasının sanksiyalar tətbiq etməsini gündəmə gətirir və Gürcüstanın iqtisadi və siyasi həyatına təsir göstərə bilər.
Bu barədə Crossmedia.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Gürcüstan hökumətinin qəbul etdiyi qanunlar QHT-lərlə, kütləvi informasiya vasitələri və insan hüquqları ilə bağlıdır. Təbii ki, Gürcüstan hökumətinin Rusiya ilə yaxınlaşması Avropa Komissiyasının sanksiyalar tətbiq etməsini gündəmə gətirir. “Bu günlərdə Gürcüstan demək olar ki, Qərblə oturuşmuş siyasi əlaqələri dondurur. Gürcüstan hökuməti bunu müstəqil siyasəti ilə əlaqələndirir. Amma görünən odur ki, hökumət konkret olaraq Rusiyanın narativlərini həyata keçirir. Qəbul olunan qərarlar və qanunlar Rusiyanın qanunvericilik bazasını xatırladır. Ona görə də Avropa Komissiyası bu siyasətinə davam edir".
O əlavə edib ki, Gürcüstan hökuməti öz siyasətindən geri çəkilməyəcək: “Onlar hesab edirlər ki, Avropa İttifaqı ilə münasibətlərdə heç bir güzəştə getməyə ehtiyac yoxdur. Yalnız Gürcüstanın həyata keçirdiyi siyasətlərə Avropa Komissiyası müsbət rəy verməlidir. Bu səbəbdən Avropa Komissiyası hökumətin şərtləri ilə razılaşmır və sanksiyaları gündəmə gətirir".
Mehriban Yariyeva
16:26 17.09.2025
Oxunuş sayı: 651