İsrail ABŞ-nin İran qərarına təsir etməyə çalışır: Yeni müharibə ssenarisi
İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın rəhbəri Roman Qofmanın ABŞ rəsmiləri ilə danışıqlar aparmaq məqsədilə Vaşinqtona səfəri regionda diqqətləri yenidən Yaxın Şərqdəki təhlükəsizlik proseslərinə yönəldib. İsrail və İran arasında gərginliyin davam etdiyi, mümkün hərbi qarşıdurma ilə bağlı müzakirələrin gündəmdə olduğu bir vaxtda baş tutan bu səfər xüsusi maraq doğurur. Görüşdə İranın nüvə proqramı, Tehranın regiondakı fəaliyyəti, İsrailin təhlükəsizlik prioritetləri və ABŞ-la mümkün birgə addımların müzakirə ediləcəyi ehtimal olunur. Xüsusilə İsrailin İrana yenidən zərbə endirə biləcəyi ilə bağlı xəbərlərin yayıldığı bir vaxtda Qofmanın Vaşinqton təmasları müxtəlif suallar doğurur. Bəs bu səfər hansı siyasi və hərbi mesajları özündə ehtiva edir? Tərəflər mümkün yeni qarşıdurmaya hazırlıq görürlərmi, yoxsa diplomatik və kəşfiyyat koordinasiyasını gücləndirməyə çalışırlar?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, İsrail kəşfiyyat xidmətinin rəhbərinin ABŞ-yə səfəri İran məsələsi ilə bağlıdır: "Çünki Donald Tramp İrana qarşı mümkün hərbi kampaniyanın başlanmasını müəyyən qədər təxirə salır və bu məsələdə hələlik yekun qərar verməyib. İsrail tərəfi isə ABŞ-ni yenidən İrana qarşı hərbi əməliyyatlara sövq etməyə çalışır.

Xüsusilə, bu səfərin Benyamin Netanyahunun göstərişi və tapşırığı ilə həyata keçirildiyi ehtimal olunur. Görünür, İsrail tərəfi İranla bağlı əldə etdiyi müəyyən kəşfiyyat məlumatlarını və faktları Trampın diqqətinə çatdırmağa çalışacaq. Məqsəd ABŞ administrasiyasının İrana qarşı hərbi əməliyyatlara başlamaq qərarına təsir göstərməkdir.
Mossad rəhbəri Roman Qofmanın Vaşinqtonda MKİ direktoru Con Retkliff ilə görüşdüyü, Stiv Uitkoffla da görüşünün nəzərdə tutulduğu bildirilir".
Ayhan
14:00 16.11.2026
Oxunuş sayı: 102