İordaniyada "Telegram" qadağan edilib
İordaniya hakimiyyəti milli təhlükəsizliklə bağlı narahatlıqları əsas gətirərək "Telegram" messencerinin ölkə ərazisində fəaliyyətini qadağan edib.
Crossmedia.az xəbər verir ki, İordaniyanın rəsmi "Petra" xəbər agentliyi bu barədə məlumat yayıb.
Bildirilib ki, qərar noyabrın 16-da ölkənin İctimai Təhlükəsizlik İdarəsi tərəfindən elan olunub.
Qurumun açıqlamasına görə, qadağanın məqsədi kibertəhlükəsizliyin gücləndirilməsi, istifadəçilərin qorunması, qanunsuz və ekstremist məzmunun yayılmasının qarşısının alınmasıdır.
İordaniya hakimiyyəti rəqəmsal platformalardan kibercinayətkarlıq, təhdid, şantaj və radikal ideyaların təbliği məqsədilə istifadənin milli təhlükəsizliyə təhdid yaratdığını bildirib.
Vətəndaşlara sosial şəbəkələrdə şübhəli hesablardan və naməlum keçidlərdən uzaq durmaq, qanunsuz fəaliyyətlə bağlı aidiyyəti qurumlara məlumat vermək tövsiyə olunub.
Qeyd edək ki, qadağanın nə qədər davam edəcəyi barədə hələlik məlumat açıqlanmayıb.
16:39 16.11.2026
Oxunuş sayı: 89