Naxçıvanda payızlıq taxıl əkini 92 % artıb
Bu günə qədər Naxçıvan Muxtar Respublikasında 13 min 427,7 hektar sahədə dən üçün payızlıq taxıl səpini həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 91,9 % çoxdur.
Crossmedia.az Prezidentin Naxçıvandakı Səlahiyyətli Nümayəndəliyinə istinadən xəbər verir ki, bu il payızlıq taxıl əkini üçün nəzərdə tutulan 22 800 hektar sahənin təxminən 76 %-də şum, 59 %-də isə səpin işləri başa çatıb.
Payız əkini üçün 17 min 454,3 hektar sahə şumlanıb. Bu, 1 il əvvələ nisbətən 7 min 264,3 hektar və yaxud 71,3 % çoxdur.
Həm buğda, həm də arpa əkinlərinin sahəsi genişlənib. Belə ki, payızlıq buğda səpilən sahə ötən ilin eyni dövründəki 2 min 494,1 hektardan 4 min 943,9 hektara yüksələrək təxminən iki dəfə artıb. Payızlıq arpa əkini isə 4 min 504,3 hektardan 8 min 483,8 hektara çatıb.
Muxtar respublikanın rayonları arasında payızlıq taxıl əkini üzrə ən yüksək artım tempi Culfa rayonunda qeydə alınıb. Burada səpin sahəsi 3,9 dəfə artaraq 2 min 865,2 hektara çatıb.
Əkin sahələrinin genişləndirilməsinə aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, kənd təsərrüfatı istehsalçılarına göstərilən dövlət dəstəyi, subsidiyaların vaxtında ödənilməsi, gübrə və sertifikatlı toxumla təminat müsbət təsir göstərir.
Bununla yanaşı, su ehtiyatlarının səmərəli idarə olunması, suvarma sistemlərinin yenidən qurulması və su itkilərinin azaldılması istiqamətində görülən işlər də əkin üçün əlverişli şəraitin yaradılmasına töhfə verir.
Bu tədbirlər ölkə Prezidentinin 21 fevral 2026-cı il tarixli sərəncamı ilə təsdiqlənmiş "Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı" çərçivəsində həyata keçirilir.
18:02 16.11.2026
Oxunuş sayı: 72