Serbiya Cared Kuşnerin 500 milyon dollarlıq layihəsini ləğv edib
Serbiya ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin Belqradda həyata keçirməyi planlaşdırdığı 500 milyon dollarlıq tikinti layihəsinə dair müqaviləni rəsmən ləğv edib.
Crossmedia.az xəbər verir ki, "Clash Report" bu barədə məlumat yayıb.
Serbiyanın tikinti naziri Aleksandra Sofroniyeviç bildirib ki, Kuşnerlə əlaqəli şirkətlə müqaviləyə xitam verilməsi barədə sənəd noyabrın 16-da imzalanıb.
Onun sözlərinə görə, tərəflər müqavilə çərçivəsində bir-birinə qarşı bütün mümkün maliyyə və hüquqi tələblərdən imtina ediblər.
Serbiya hökuməti hələ avqust ayında müqavilənin ləğvi barədə qərar qəbul etmişdi.
Layihə Belqradın mərkəzində, 1999-cu ildə NATO bombardmanları zamanı zədələnmiş keçmiş Yuqoslaviya Ordusunun Baş Qərargah binasının yerləşdiyi ərazidə lüks hotel, yaşayış binaları, kommersiya obyektləri və kazinonun tikintisini nəzərdə tuturdu.
2024-cü ildə imzalanmış müqaviləyə əsasən, ərazi 99 il müddətinə investora istifadəyə verilməli idi.
Lakin layihə Serbiyada ciddi ictimai etirazlara səbəb olub. Tarixi binanın qorunan mədəni irs statusunun ləğvi ilə bağlı aparılan araşdırmalar da layihənin həyata keçirilməsinə mane olub.
Kuşnerin investisiya şirkəti "Affinity Partners" 2025-ci ilin dekabrında layihədən çəkildiyini açıqlamışdı.
Son qərarla 500 milyon dollarlıq layihəyə dair müqavilə münasibətlərinə rəsmi şəkildə son qoyulub.
17:58 16.11.2026
Oxunuş sayı: 69