Səudiyyə Ərəbistanında hərbi rəhbərlik dəyişdirilib
Səudiyyə Ərəbistanı Yəməndə İranın dəstəklədiyi husilərə qarşı mübarizə aparan koalisiya qüvvələrinin komandanı general-leytenant Fəhd bin Həməd əs-Səlmanı vəzifəsindən azad edərək müdafiə nazirinin hərbi məsələlər üzrə müşaviri təyin edib.
Crossmedia.az xəbər verir ki, "Saudi Gazette" nəşri bu barədə məlumat yayıb.
Bildirilib ki, müvafiq qərarı noyabrın 16-da Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səud imzalayıb.
Kralın fərmanına əsasən, ölkənin Baş Qərargah rəisi general Fəyyad bin Həmid ər-Ruveyli mövcud vəzifəsini saxlamaqla birgə qüvvələrin komandanı səlahiyyətlərini də icra edəcək.
Qərarın müdafiə nazirinin təqdimatı əsasında qəbul edildiyi bildirilir.
Qeyd edək ki, Fəhd əs-Səlman 2024-cü ilin avqustundan birgə qüvvələrin komandanı vəzifəsində çalışırdı.
Yeni kadr dəyişikliyinin səbəbləri barədə əlavə məlumat açıqlanmayıb.
17:50 16.11.2026
Oxunuş sayı: 67