AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Səhəndin 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Azərbaycanın görkəmli şairi Bulud Qaraçorlu Səhəndin anadan olmasının 100 illiyinə həsr olunmuş “Səhənd poeziyasında tarixi-fəlsəfi yaddaş, milli kimlik və azadlıq mübarizəsi” mövzusunda elmi konfrans keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə açaraq müxtəlif elm sahələrini təmsil edən alimlərin iştirak etdiyi konfransın əhəmiyyətindən danışıb.
O, Səhənd irsinin milli düşüncə və ideoloji proseslər kontekstində araşdırılmasının aktuallığını qeyd edərək dil, mədəniyyət, tarixi təcrübə və ortaq mənəvi dəyərlərin milli kimliyin formalaşmasında mühüm rol oynadığını bildirib.
Konfransın moderatoru, institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli “Səhənd poeziyasında milli kimlik, tarixi-fəlsəfi yaddaş” mövzusunda məruzə edib. O, ədəbiyyatın xalqın tarixi təcrübəsini, mənəvi dəyərlərini və özünüdərk prosesini əks etdirən mühüm ictimai-mədəni hadisə olduğunu bildirib. Məruzəçi Cənubi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Səhəndin poeziyasında keçmişin yalnız tarixi hadisələr toplusu kimi deyil, milli varlığın mənəvi dayağı və azadlıq düşüncəsinin qaynağı kimi təqdim olunduğunu diqqətə çatdırıb.
Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə “Güney Azərbaycan ədəbiyyatinda və ictimai fikrində Səhəndin yeri” mövzusunda çıxış edərək şairin həyat və yaradıcılığından bəhs edib. O, “Alqış” şeirindən parçalar səsləndirərək əsərin 1945-ci ildə Təbrizdə nəşr olunan “Şairlər məclisi” məcmuəsində dərc edildiyini bildirib.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan filologiya üzrə fəlsəfə doktoru, dosent Fikrət Süleymanoğlu “Cənubi Azərbaycan ədəbi mühitində Səhənd–Şəhriyar fenomeni” mövzusunda çıxış edib. O, Səhəndin xalqın arzu və düşüncələrini ifadə etmək üçün “Dədə Qorqud” dastanlarına müraciət etdiyini, folklor ənənələrindən bəhrələnərək “Sazımın sözü” əsərini yaratdığını qeyd edib. Həmçinin şairin Şəhriyar, M.Ə. Sabir, Mirzə İbrahimov və Süleyman Rüstəm kimi sənətkarların yaradıcılığından bəhrələnərək ədəbi mühitdə özünəməxsus mövqe qazandığını bildirib.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri , fəlsəfə elmləri doktoru Füzuli Qurbanov isə “Səhəndin ‘Dədəmin kitabı” əsərində Azərbaycan və Azərbaycançılıq” mövzusunu təhlil edib.
AMEA Abbasqulu Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun tədqiqatçısı Pərviz Əsədi Urmulu “Səhənd: ana dilini türk kimliyinin səngərinə çevirən milli təfəkkür şairi” mövzusunda məruzə edib. O, şairin poeziyasında ana dilinin və türk kimliyinin qorunması məsələlərinə toxunaraq Səhənd dağının əzəmətinin bədii obraz kimi əks olunduğunu bildirib. Məruzəçi Şəhriyarın ona həsr etdiyi “Səhəndiyyə” poemasının şairin ədəbi nüfuzunun möhkəmlənməsindəki rolunu da qeyd edib.
Konfransda AMEA Folklor İnstitutundan filologiya elmləri doktoru Mətanət Abbasova “Bulud Qaraçorlu Səhəndin yaradıcılığında folklor yaddaşı və milli-mədəni irs”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutundan fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli “Səhəndin milli-fəlsəfi görüşləri”, Azərbaycan Yazıçılar Birliyinin Cənubi Azərbaycan şöbəsinin katibi, filologiya elmləri doktoru Pərvanə Məmmədli “Səhəndin poetik dünyası: xalqın taleyi və zamanın sınaqları”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkiullah Bayram “Dədəmin kitabı”nın ideya-bədii xüsusiyyətləri”, mövzularında çıxış ediblər. Həmin institutun filologiya elmləri doktoru Esmira Fuad “Cənubi Azərbaycanda və Azərbaycan Respublikasında Səhənd araşdırmaları” mövzularında çıxış edib.
Məruzələrdə şairin folklor qaynaqlarına bağlılığı, milli-fəlsəfi baxışları, ədəbi irsi və Azərbaycançılıq ideyasının bədii ifadəsi müxtəlif elmi yanaşmalar əsasında şərh olunub.
Tədbir çərçivəsində institutun kiçik elmi işçisi Ceyran Hüseynli Səhəndin şeirlərindən parçalar səsləndirib.
Konfransda tanınmış ictimai xadim, əməkdar jurnalist Rəhim Hüseynzadə, Bakı Dövlət Universitetinin dosenti Pərviz Kazımi və başqa ziyalılar ürək sözlərini deyib, konfransın təşkilinə görə Fəlsəfə və Sosiologiya İnstitutunun rəhbərliyinə təşəkkürünü bildiriblər.
Elmi konfrans Səhəndin zəngin ədəbi irsinin tarixi, fəlsəfi və milli-mədəni aspektlərdən müzakirəsi ilə yekunlaşıb
18:21 16.11.2026
Oxunuş sayı: 80