KİV: Fransa Ukraynaya gizli şəkildə hərbçilər göndərib
Fransa hərbçilərinin ən azı 2026-cı ilin yayından etibarən Ukrayna ərazisində məxfi dəstək missiyası həyata keçirdiyi məlum olub.
Crossmedia.az xəbər verir ki, "Radio France Internationale" (RFI) apardığı araşdırmaya istinadən bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, "Volia" adlandırılan məxfi missiyaya fransalı general rəhbərlik edir. Missiyanın əsas məqsədi Ukrayna hərbçilərinə təlim keçmək və ölkəyə verilən hərbi texnikanın texniki xidmətini təmin etməkdir.
Bildirilib ki, Fransa hərbçiləri birbaşa döyüş əməliyyatlarında iştirak etmirlər. Missiya qısamüddətli tapşırıqlar yerinə yetirən kiçik hərbi qruplardan ibarətdir.
RFI-nin mənbələri iddia edir ki, Fransanın 2023-cü ildən Polşada həyata keçirdiyi "Gerfaut" hərbi təlim missiyası Ukraynadakı məxfi fəaliyyətin gizlədilməsi üçün istifadə olunur.
Araşdırmada qeyd edilir ki, Fransa parlamentinin deputatları və senatorları bu hərbi missiya barədə əvvəlcədən məlumatlandırılmayıblar.
Missiyada iştirak edən hərbçilərin dəqiq sayı açıqlanmayıb.
Qeyd edək ki, Fransa hakimiyyəti indiyədək Ukrayna ərazisində fransalı hərbçilərin mövcudluğunu rəsmi şəkildə təsdiqləməyib.
16:49 16.11.2026
Oxunuş sayı: 79