Fransa Ukraynada gizli hərbi missiya yaradıb – Təfərrüatlar üzə çıxdı
Fransa hərbçiləri bir neçə aydır Ukraynada fəaliyyət göstərir. Onlar Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbçilərinə təlim keçir, həmçinin Fransa istehsalı olan hərbi texnikanın texniki xidmətini həyata keçirirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə Fransanın "RFI" nəşri məlumat yayıb.
Məlumata görə, Fransa Ukraynada “Volya” adlı məxfi hərbi missiya yaradıb. Fransız generalının rəhbərlik etdiyi bölmənin fəaliyyəti ictimaiyyətə açıqlanmır.
Missiyanın vəzifələrinə döyüş əməliyyatlarında iştirak etmək daxil deyil. Fransalı hərbçilər Ukrayna ordusunun hərbi texnikasının vəziyyətini izləyir, onun texniki xidmətinə kömək edir və ukraynalı hərbçilərə təlim keçirlər.
Söhbət, xüsusilə, Fransa istehsalı olan “Caesar” özüyeriyən artilleriya qurğuları, “Mirage 2000” qırıcıları və yüksək dəqiqlikli raketlərdən gedir.
Nəşr yazır ki, bu silah sistemlərinə xidmət göstərilməsi xüsusi təcrübə tələb etdiyindən Paris Ukraynaya mülki texniklər deyil, hazırda xidmətdə olan hərbçilər göndərmək qərarına gəlib.
Qeyd olunur ki, Fransa Ukrayna ərazisində hərbçilər vasitəsilə təlim missiyası həyata keçirən ilk ölkə deyil. Daha əvvəl Böyük Britaniya və Kanada da bu cür fəaliyyət göstərib. Lakin 2022-ci ildə Rusiyanın genişmiqyaslı müdaxiləsindən sonra Kanada hərbçiləri Ukraynadan çıxarılaraq ölkə hüdudlarından kənara yerləşdirilib.
18:44 16.11.2026
Oxunuş sayı: 55