İsrail 3,5 milyon fələstinlinin fotosunu "Amazon"un sisteminə yükləyib
İsrail ordusu fələstinlilərin üz tanıma texnologiyası vasitəsilə izlənilməsi məqsədilə 3,5 milyon fotoşəkli ABŞ-nin "Amazon" şirkətinin bulud platformasına yükləyib.
Crossmedia.az xəbər verir ki, "The Guardian" nəşri bu barədə məlumat yayıb.
Araşdırmaya əsasən, fotoşəkillər 2024-cü ilin əvvəlində, İsrailin Qəzza zolağında hərbi əməliyyatlar apardığı dövrdə "Amazon Web Services" (AWS) platformasına köçürülüb.
Məlumata görə, İsrail ordusunun xüsusi bölməsi fələstinlilərə aid geniş foto bazasını süni intellektlə işləyən "Amazon Rekognition" üz tanıma sistemi vasitəsilə təhlil etməyi planlaşdırıb.
Sənədlər göstərir ki, İsrail ordusu Qəzza və İordan çayının qərb sahilində yaşayan fələstinlilər haqqında toplanmış məlumatların, o cümlədən məxfi hərbi kəşfiyyat materiallarının saxlanılması üçün AWS infrastrukturundan geniş istifadə edib.
Araşdırmada bildirilir ki, İsrail hərbçiləri Qəzzada nəzarət-buraxılış məntəqələrindən keçən fələstinlilərin şəkillərini çəkərək onların şəxsiyyətini müəyyənləşdirmək və hərəkətlərini izləmək üçün üz tanıma texnologiyasından yararlanıblar.
Bununla belə, "Amazon"un sisteminə yüklənən 3,5 milyon fotoşəklin məhz həmin məntəqələrdə çəkilib-çəkilmədiyi dəqiqləşdirilməyib.
AWS nümayəndəsi müştərilərin bulud sistemində saxladığı məlumatların məzmununu görmək imkanlarının olmadığını bildirib.
İsrail ordusunun sözçüsü isə əməliyyat ehtiyacları ilə bağlı istifadə olunan xidmətlərə münasibət bildirməyəcəklərini açıqlayıb.
16:37 16.11.2026
Oxunuş sayı: 82